MDU-da tədqiqat metodları ilə bağlı ustad dərs keçirilib

  • Post category:MDU xəbərləri

2023-cü ilin noyabrın 17-da Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin dəstəyi ilə növbəti ustad dərs keçirilib.

MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda keçirilən ustad dərsdə universitetin bir qrup akademik heyət üzvü və magistrantları iştirak ediblər.

Qazi Universitetinin Texnoloji fakültəsinin “Kompüter mühəndisliyi” bölümünün professoru Yusuf Sönmez tərəfindən “Elmi  tədqiqatların proqram təminatı” fənni üzrə keçirilən ustad dərs “Tədqiqat metodunun əsas funksiyaları və təsnifatı” və “Etik qaydalar” mövzularını əhatə edib.

İnteraktiv şəkildə təşkil olunan ustad dərsdə iştirakçıların sualları cavablandırılıb. Dərsin sonunda fənnin sillabusunun təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ustad dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, MDU-da cari tədris ili ərzində müxtəlif fənlər üzrə ustad dərslərin davam etdirilməsi nəzərdə tutulub. Əsas məqsəd universitetdə magistratura səviyyəsində tədrisin məzmununun yenilənməsinə və keyfiyyətinin yüksəldilməsinə, eləcə də müvafiq ixtisaslar üzrə təhsil alanların və təhsil verənlərin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir. Ustad dərslərlərlə bağlı tərəfdaş universitetlər arasında təşkilati işlərə Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmaz koordinatorluq edir.