Valideynlər növbəti dəfə imtahan prosesini izləyiblər

  • Post category:MDU xəbərləri

2023-cü ilin yanvarın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semesterinin imtahan sessiyası çərçivəsində növbəti dəfə valideynlərin müşahidəsi təmin edilib.

Valideynlər universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə auditoriyalarda imtahanları izləyiblər, imtahanların keçirilməsi qaydaları, biliyin qiymətləndirilməsi meyarları və müraciətlərə çevik baxılması mexanizmləri barədə ətraflı məlumatlandırılıblar.

Müşahidələrdən sonra, imtahan sessiyasının qanunvericiliyin tələblərinə uyğun təşkilindən məmnunluqlarını ifadə edən valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, MDU-da yanvarın 5-dən başlanan payız semestrinin imtahan sessiyası fevralın 1-dək davam edəcəkdir. Cari imtahan sessiyasında baş tutacaq 1000-dən çox imtahanda 3500-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə universitetdə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin edilib, rektorun iştirakı ilə müntəzəm olaraq “Açıq qapı” günləri keçirilir.