Bir qrup valideyn MDU-da keçirilən imtahanları müşahidə edib

  • Post category:Təhsil

2024-cü il yanvarın 12-də Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində  bir qrup valideynin cari tədris ilinin payız semestrinin imtahan sessiyasını müşahidəsi təmin edilib.

İlk öncə, MDU-nun rəhbər və inzibati heyət üzvləri valideynlərlə söhbət aparıb, onlara imtahanların keçrilməsi qaydaları, biliyin şəffaf qiymətləndirilməsi meyarları, müraciətlərə çevik baxılması üsulları və indiyədək keçirilən imtahanların statistikası barədə məlumat veriblər.

Sonra, valideynlər auditoriyalarda imtahan prosesini izləyiblər. İmtahan sessiyasının qanunvericiliyin tələblərinə uyğun təşkilindən məmnunluqlarını ifadə edən valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, MDU-da 2023-cü ilin dekabrın 30-dan başlanan payız semestrinin imtahan sessiyası cari ilin 1 fevralınadək davam edəcəkdir. Cari imtahan sessiyasında baş tutacaq 1200-dən çox imtahanda 4000-dən artıq tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə universitetdə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin edilib, rektorun iştirakı ilə müntəzəm olaraq “Açıq qapı” günləri keçirilir.