Mingəçevir Dövlət Universitetində elmi tədqiqatın gücləndirilməsi yönündə dəstək: “Web of Science” platformasına həsr olunmuş təlim keçirilib

2026-cı ilin 01 aprel tarixində Mingəçevir Dövlət Universitetində “Tədqiqat analitikası və elmi əməkdaşlıq: Web of Science platforması ilə Mingəçevir Dövlət Universitetinin inkişaf perspektivləri” mövzusunda təlim təşkil olunub.

Təlim MDU-nun akademik heyəti və tədqiqatçıları üçün nəzərdə tutulub və elmi fəaliyyətin effektiv təşkili, beynəlxalq elmi mühitə inteqrasiya və tədqiqat nəticələrinin görünürlüyünün artırılması baxımından mühüm əhəmiyyət daşıyıb.

Tədbirdə çıxış edən “Clarivate” şirkətinin rəsmi nümayəndəsi, müştəri məmnuniyyəti üzrə məsləhətçi Xəyalə Hacıyeva iştirakçılara “Web of Science” platformasının imkanları barədə ətraflı məlumat verib. O, platforma vasitəsilə elmi məlumatların təhlili, tədqiqat fəaliyyətinin qiymətləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində praktiki yanaşmaları təqdim edib.

Təlim çərçivəsində “Web of Science” platforması üzərindən universitet profilinin analizi, etibarlı elmi-tədqiqat resurslarının müəyyənləşdirilməsi, nəşr üçün uyğun jurnalların seçimi və qiymətləndirilməsi, elmi əməkdaşlıq imkanlarının araşdırılması kimi mühüm mövzular əhatə olunub.

İnteraktiv formatda keçirilən təlim zamanı iştirakçıların sualları cavablandırılıb, real nümunələr əsasında praktik izahlar verilib və elmi fəaliyyətin daha səmərəli təşkili ilə bağlı tövsiyələr səsləndirilib.

Qeyd edək ki, bu kimi təlimlər Mingəçevir Dövlət Universitetində tədqiqat mühitinin inkişafına, akademik heyətin beynəlxalq elmi bazalara çıxış imkanlarının genişlənməsinə və universitetin qlobal elmi platformalarda mövqeyinin gücləndirilməsinə xidmət edir.