MDU-da 22 aprel  “Beynəlxalq Yer Günü” qeyd edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və Ekologiya kafedrası və  Mingəçevir şəhər Təhsil sektorunun təşkilatçılığı ilə  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 22 aprel  “Beynəlxalq Yer Günü”nə həsr olunmuş elmi-nəzəri seminar keçirilib.

Ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işlərinin gücləndirilməsi məqsədilə təşkil olunan tədbirdə MDU-nun Fizika və ekologiya kafedrasının bir qrup əməkdaşı, tələbə və magistrantlar, Mingəçevir şəhər Rüstəm Qəhrəmanov adına 14 saylı tam orta məktəbin müəllimləri və şagirdləri iştirak edib.

MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova qonaqları və iştirakçıları salamlayıb. T.Yusibova “Beynəlxalq Yer Günü”nün qeyd olunması haqqında danışaraq bildirib ki, dünyanın 150-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunan bu əlamətdar gün ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, təbiəti tullantılardan təmizləyir. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır. Eyni zamanda MDU-da, o cümlədən Fizika və ekologiya kafedrasında bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.

Seminarın mövzusu ilə əlaqədar olaraq MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Aysel Bayramova “Ekoloji tarazlığın qorunması prioritet məsələdir”, kafedranın əməkdaşı Gülgün İsrəfilova “Təbii resurslardan səmərəli istifadənin ekoloji əsasları”, Ekologiya mühəndisliyi ixtasının II kurs tələbəsi Nurlan Həsənli “Bizim yaşıl evimiz” adlı məruzələr söyləyib.

Daha sonra 14 saylı tam orta məktəbin şagirdləri “Yaşıl dünya üçün həmrəy olaq!” adlı layihənin təqdimatını ediblər. Şagirdlərin təqimatını müsbət qiymətləndirən kafedra müdiri T.Yusibova onlara həvəsləndirici hədiyyələr verib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir şəhərində və MDU-da müxtəlif tədbirlər həyata keçirilir.