MDU kollektivi Zəfər Günü münasibətilə şəhid ailələrini ziyarət edib

2023-cü ilin noyabrın 7-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 8 Noyabr- Zəfər Günü münasibətilə Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin, eləcə də bu ali təhsil müəssisəsinin şəhid məzunlarının ailələrini ziyarət ediblər.

Ailə üzvləri ilə görüşlərdə Vətənin bütövlüyü uğrunda canından keçərək tarixi Zəfərin qazanılmasında mühüm pay sahibi olan şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ailələrinə bayram sovqatları təqdim olunub.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi diqqət mərkəzində saxlanılır.