Azərbaycan üzv ölkələrlə əməkdaşlığa hazırdır
Cari ilin əvvələrindən dünyada tüğyan edən koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə videokonfrans formatında beynəlxalq səviyyəli görüş və konfransların keçirilməsi təklifi ilə müraciət etmişdir. Keçirilən videokonfranslarda iştirak edən böyük dövlətlərin rəhbərləri və digər rəsmiləri pandemiya ilə mübarizə barədə fikir mübadilələri apararaq təhlükəli virusdan qurtuluş yollarından danışmışlar. Yeri gəlmişkən, pandemiyanın yayıldığı ilk vaxtlardan ölkə prezidentinin tapşırığına uyğun olaraq Azərbaycanda karantin rejimi tətbiq edilmiş, izolyasiya tədbirləri həyata keçirilmişdir və bu davam edir. Başlıca diqqəti vətəndaşların sağlamlığına yönəldən dövlət başçımızın göstərişinə əsasən insanlara maddi, sosial və mənəvi dəstək göstərilib. Azərbaycanda pandemiya ilə mübaruizə dövründə həyata keçirilən ardıcıl tədbirlər Dünya Səhiyyə Təşkilatı tərəfindən təqdir edilir. Bunların davamı olaraq Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi barədə təklifi QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənib. Bu təşəbbüsə 130-dan çox ölkə rəsmi dəstəyini ifadə etməklə Azərbaycan Prezidentinin növbəti qərarına etimadını göstərib. BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer alıb. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin ölkələr sırasındadır.Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu barədə məlumat vermişlər.
Rusiya tərəfi Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirərək xüsusi sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib.
BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir.Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Bu o demıkdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmaqla qətiyyətli lider olduğunu göstərdi. BMT Baş Assambleyası artıq mart ayından etibarən pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırıb. Təcrübə göstərir ki, videokonfrans vasitəsi ilə ən böyük problemlərin belə həlli yollarını tapmaq olar. Yalnız ideya və təklif vermək, bu sıraya önəmli olan dövlətlərin iştirakına nail olmaqdır. Pandemiya səbəbindən Baş Assambleyanın öz işinə nə vaxt başlayacağı da hələ bilinmir. Payızda pandemiyanın ikinci dalğasının olacağı gözlənilir. Nəzəri olaraq BMT ümumiyyətlə bu il rəsmi olaraq toplaşmaya bilər. Bu halda sual olunur ki, bəs dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır?! BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platformadır. Bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Pandemiya kimi qlobal problemin müzakirəsi ilə bu qlobal təşkilat bəs niyə məşğul olmur. Belə bir çətin dövrdə kim qlobal liderliyi öz üzərinə götürməlidir? Gizlin deyil ki, cari ilin əvvəllərindən dünyada milyonlarla insan bu virusa yoluxub, ölənlərin sayı da durmadan artır. İlk vaxtlar Azərbaycanda yoluxanlar və ölənlər o qədər də çox deyildi. Lakin təəssüf ki, bu rəqəmlər az sonra çoxaldı. Və Azərbaycan Respublikasında daha ciddi və sərt rejim tətbiq olundu. Etiraf etmək lazımdır ki, vətəndaşların karantin rejiminin tələblərinə ciddi əməl etməsi təhlükənin azalmasına səbəb olur. Ölkə prezidentinin çağırışına uyğun olaraq, yaşı 65-dən yuxarı olan insanların evdən bayıra çıxmaları, işləməyən vətəndaşların isə yalnız icazə aldıqdan sonra, həm də zəruri olarsa yaşadığıl yeri tərk etməsi müsbət nəticələr göstərir.
Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri isə təəssüf ki, yaddan çıxır. Bəşəriyyətin BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Əgər indiki anda BMT görünmürsə, bəs bu problemlə kim məşğul olacaq. Məgər BMT-dən böyük hansısa təşkilat var? Bu mənada hazırda BMT-yə inam, təşkilatın etibarlılığı ciddi imtahan qarşısındadır. İnsan həyatının təhlükə ilə üzləşdiyi bir zamanda, minlərlə adamın qısa zaman ərzində virusdan vəfat etməsinə səbəb olan önəmli problemin həllinin müzakirəsi, çıxış yolarının aranmaması üçün toplaşmayan bir beynəlxalq qurumun fəaliyyətsizliyi qəbul edilməzidir. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün artıq Xüsusi Sessiyanın keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.
Azərbaycan prezidenti təkcə öz dövlətinin vətəndaşlarının deyil, ümumiyyətlə bütün dünyada yaşayan insanların sağlamlığını düşünür. Bu mənada onun təşəbbüsü və tapşırığı ilə ötən müddət ərzində ölkəmizdə reallaşan ardıcıl tədbirlər bəlkə dünyanın heç bir dövlətində həyata keçirilməyib. Paytaxtımızda, bütün bölgələrdə davamlı olaraq dezinfeksiya işləri aparılır, əhali arasında maarifləndirmə söhbətləri aparılır, gənclər, könüllülər pandemiya ilə mübarizədə oz fəaliyyətlərini genişləndirirlər.
BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi, əlbəttə, bir yenilikdir. Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmalı və ya ləngitməli deyil. Aydındır ki, qaydalar önəmlidir, lakin yeni reallıq şəraitində BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir. Acınacaqlı haldır ki, bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üzbəüz qalmışdır. BMT özünün prosedur qaydalarının girovuna çevrilərək bu miqyaslı qlobal problemin həllindən kənarda qalmamalıdır. Belə qlobal təhdidlər şəraitində BMT vəziyyətə adekvat reaksiya verərək prosedur qaydalarını dəyişdirmədən (bu uzun vaxt apara bilər) müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında Xüsusi Sessiyasını keçirməlidir.
Artıq virtual formatda yüksək səviyyəli tədbirlərin keçirilmə təcrübəsi formalaşıb. Belə ki, Böyük Yeddilik və Böyük İyirmilik kimi nüfuzlu təsisatların görüşləri məhz bu formatda keçirilib. Yəni texniki imkanlar mövcuddur, sadəcə siyasi istək və iradə olmalıdır. İndiki anda bütün dövlətlərdən çeviklik, kompromis ruhunda əməkdaşlıq tələb olunur. Təbii ki, burada başlıca məsuliyyət Təhlükəsizlik Şurasının üzvlərinin üzərinə düşür. Fərəhli haldır ki, pandemiya dövründə Azərbaycan bir sıra önəmli tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində keçirilən sammitlər xatirimizdədir. Eyni zamanda pandemiyanın yaratdığı maneələrə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olmuşdur.
Azərbaycan hər zaman düzgünlüyün və humanistliyin tərəfdarıdır. Və dövlətimiz videokonfrans vasitəsilə Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, Xüsusi Sessiyanın sonunda mümkün qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır. Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi üçün BMT-yə texniki sahədə dəstək verməyə hazırdır. Necə ki, bu yaxınlarda pandemiyadan zərər çəkən dövlətlərə humanitar yardım göstərib. İqtisadi cəhətdən inlişaf edən, dünyanın bir çox dövləti ilə əməkdaşlıq edən dövlətimiz bundan sonra da uğurlara imza atacaq, öz humanist addımları ilə ehtiyacı olan dövlətlərə yardım göstərəcəkdir.
Ümidvarıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində nəhayət ki, BMT öz rəsmi fəaliyyətini bərpa edərək pandemiya ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsini apara biləcək. İnanırıq ki, bu müzakirələr nəticəsində bəşəriyyəti bu pandemiyanın əlindən xilas edə biləcək önəmli qərarlar veriləcək. Azərbaycanda hazırda davam edən sərt karantin rejimi, bu virusla mübarizə məqsədi ilə modul tipli xəstəxanaların qısa zaman ərzində inşa olunaraq istifadəyə verilməsi, tibb müəssisələrində xəstəliyə yoluxanların müalicəsinin uğurla aparılması və bu kimi önəmli addımların atılması xalqımız tərəfindən təqdir edilir.
Esmira Cəfərova,
Mingəçevir Dövlət Universitetinin kafedra müdiri,
Siyasi elmlər üzrə fəlsəfə doktoru