Mingəçevir Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş esse müsabiqəsi elan olunur

  • Post category:Elanlar

Mingəçevir Dövlət Universiteti ilə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və güclü Azərbaycan ideyası” mövzusunda esse müsabiqəsi elan edilir.

Müsabiqə 28 aprel – 3 may 2026-cı il tarixlərində keçiriləcəkdir. Əsas məqsəd gənclər arasında Heydər Əliyev irsinin, dövlətçilik ideyalarının və “Güclü Azərbaycan” konsepsiyasının təbliği, tələbələrin analitik düşüncə və yazı bacarıqlarının inkişaf etdirilməsi, eləcə də istedadlı gənclərin üzə çıxarılmasıdır.

Müsabiqədə Mingəçevir Dövlət Universitetinin bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələri iştirak edə bilərlər. Hər bir iştirakçı müsabiqəyə yalnız bir esse təqdim edə bilər və esselər fərdi qaydada hazırlanmalıdır.

Təqdim olunacaq esselər “Heydər Əliyev və güclü Azərbaycan ideyası” mövzusuna həsr edilməli, 800–1000 söz həcmində, Azərbaycan dilində, Arial şrifti ilə 12 ölçüdə, 1.5 sətir aralığında və A4 formatında hazırlanmalıdır. Esse müəllifin şəxsi yanaşmasını, analitik düşüncə tərzini və yaradıcı baxışlarını əks etdirməli, plagiat hallarına yol verilməməlidir.

Müsabiqəyə təqdim olunan işlər Mingəçevir Dövlət Universitetinin ixtisaslı müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Qiymətləndirmə zamanı məzmunun mövzuya uyğunluğu və dərinliyi, analitik və yaradıcı yanaşma, dil və üslub xüsusiyyətləri, strukturun ardıcıllığı və orijinallıq kimi meyarlar nəzərə alınacaqdır.

Müsabiqənin qalibləri təşkilat komitəsi tərəfindən müəyyən ediləcək və I, II və III yerlər üzrə diplom və xatirə hədiyyələri ilə təltif olunacaqlar.

Esselər elektron formada kafedra_humanitar@mdu.edu.az elektron poçt ünvanına və ya çap edilmiş şəkildə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasına təqdim olunmalıdır. Təqdim edilən işə müəllifin adı, soyadı, fakültəsi, kursu, əlaqə telefonu və elektron poçt ünvanı əlavə edilməlidir.

Esselərin son təqdim olunma tarixi 3 may 2026-cı il, nəticələrin elan olunması isə 5 may 2026-cı il tarixində nəzərdə tutulur.

Əlavə məlumat üçün əlaqələndirici şəxs Əfqan Dönməzlə (050) 488 85 35 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.