Azərbaycan Ordusu Ermənistanın təxribatına qətiyyətli cavab verib
İyirminci əsrin sonları Azərbaycan xalqının xatirində acılı, kədərli xatirələrlə yadda qalıb. Torpaqlarımızda qonşu Ermənistanın daşnak qüvvələrinin törətdiyi qətliamlar, soyqırım hadisələri, insanların ev-eşiyindən didərgin düşməsi tariximizin acı səhifələrindəndir. Otuz ilə yaxındır ki, xalqımız bu dövlətin irticaçı qüvvələrinin və onların havadarlarının ağlagəlməyən iddiaları, xülyaları ilə mübarizə aparır. Torpaqlarımızın 20 faizinin işğal altında qalması, üstəgəl minlərlə soydaşımızın doğma ata yurdundan məcburən köçkün düşməsi dövlətimizin rəhbərini hər zaman düşündürür və bununla bağlı dəfələrlə beynəlxalq səviyyəli danışıqlar aparılsa da heç bir müsbət nəticə əıldə edilməyib. Daha doğrusu, həmsədr dövlətlərin, iki ölkə prezidentinin və xarici işlər nazirlərinin iştirakı ilə baş tutan görüşlərdə Azərbaycan dövlətinin haqlı tələbi, zəbt edilmiş torpaqların geri qaytarılması tələbi reallaşmayıb. 1994-cü ilin may ayında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə atəşkəslə bağlı müqavilə imzalansa da düşmən qüvvələri davamlı olaraq sərhədlərimizə silahlı hücumlar edir, əsgər və zabitlərimizin, hətta sadə vətəndaşların ölümü ilə nəticələnən əməlləri ilə öz fitnələrindən əl çəkmirlər. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Yeri gəlmişkən, Azərbaycanın bu təşəbbüsü dünyanın 130 dövləti tərəfindən bəyənilərək qəbul edilib.Yalnız Ermənistan bu təşəbbüsü qəbul etməyib. Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, dünyanın böyük dövlətləri ilə beynəlxalq forumlarda iştirakı, əməkdaşlıq müqavilələrinin imzalanması və bu kimi digər müvəffəqiyyətlərimiz təbii ki, Ermənistanı narahat edir. Və Ermənistan yenə məkrli niyyətindən əl çəkməyərək təxribatlara əl atır. Azərbaycanın Milli Ordusu ilbəil güclənir, vətənimizin qeyrətli əsgər və zabitləri yurdumuzun sərhədlərini ləyaqətlə, şərəflə qoruyurlar. Bu son hadisələrdə hərbçilərimizin şəhid olması və yaralanması yenə də bizləri məyus etdi. Torpaqlarımızın bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimiz əbədiyaşardılar, Allahdan onlara rəhmət diləyir, yaralılarımıza şəfalar diləyirik.
Prezident İlham Əliyev dəfələrlə təxribatçı dövlətin məkrli niyyətini üzə çıxarıb. Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhəddində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi dərin böhrana səbəb olub. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının pozulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Xalqın həyat tərzi günbəgün pisləşir, işsizlik baş alıb gedir. Insanlar etirazlarını bildirdikdə isə onlara qarşı güc tətbiq edilir. Son hadisələr, koronavirusla mübarizə məqsədi ilə bu ölkədə çox zəif mübarizə tədbirləri həyata keçirilir. Məlumdur ki, Ermənistan rəhbərliyi irticaçı niyyətlidir, belə bir ağır məqamda xalqın həyat tərzinin və sağlamlığının təmin olunması məsələsi arxa planda qalıb, yalnız terror, təxribat, qonşu torpaqlarına hücum etmək planlarını həyata keçirməklə məşğuldurlar.
Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Düşmən bu dəfə də susdurulub. Cəsur hərbçilərimizin bacarığı sayəsində düşmən böyük itki verməklə geri oturdulub. Azərbaycan Ordusunun əsgərləri Ermənistan sərhəddini bir qarış belə keçməyib. Buna ehtiyac yoxdur, çünki biz istilaçı deyilik, özgə torpaqlarından pay istəmirik, yalnız özümüzə aid olanı istəyirik. Yetər ki, düşmən mövqelərimizi atəşə tutmasın, torpaqlarımızdan birdəfəlik dəf olub çıxsın. Bəsdir daha, xalqımız bu düşnakların oyunlarından yorulub.
İyulun 12-də baş vermiş hadisə də Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirilir. Ona görə ki, Azərbaycan vətəndaşı Vətənini sevir. Torpaqlarında törədilən hadisələr, günahsız insanların öldürülməsi kimi acı xəbərlər nə qədər olar axı? Bu Azərbaycan cəmiyyətinin vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Arzuolunmayan xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Azərbaycanın Milli Ordusu güclüdür, qüdrəıtlidir. Lakin müharibə bizlik deyil. Düşmən bir həmləni gözləyir, elə onları müdafiə edən dövlətlər də. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Lakin Azərbaycan vətəndaşı qatil deyil, müharibə yox, sülh tərəfdarıdır. Haqlı olan tərəf bizik, dövlətimizin başçısının siyasi iradəsi, qətiyyəti düşməni hər zaman susdurub və bu hər zaman belə olacaq.
Əliağa Bəndalıyev,
Qarabağ qazisi