Yeni tariximizin qəhrəmanlıq salnaməsini yazan igid əsgər və zabitlərimizlə qürur duyuruq – Şahin Bayramov
Bu gün Azərbaycan xalqının gücünü, birliyini və yenilməzliyini bütün dünyaya nümayiş etdirən tarixi Zəfərin qazanılması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından düz bir il ötür.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin rəşadəti sayəsində bu haqq savaşımızda ərazi bütövlüyümüz təmin edildi, tarixi ədalət və milli qürurumuz bərpa olundu. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, “Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Sentyabrın 27-i ölkəmizdə Anım Günü kimi qeyd olunur. Dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda edərək müqəddəs şəhidlik məqamına yüksələn qəhrəmanlarımızı böyük ehtiramla anırıq. Qələbəmizin rəmzinə çevrilən “Dəmir yumruq” ilə erməni faşizminin başını əzən, sarsıdıcı zərbələrlə düşmən ordusunun belini qıran və yeni tariximizin qəhrəmanlıq salnaməsini yazan Azərbaycan Silahlı Qüvvələrinin igid əsgər və zabitləri ilə qürur duyuruq.
Bu gün Vətən uğrunda yüksək şücaət, fədakarlıq, cəsarət və vətənpərvərlik nümunələrini ortaya qoyan şəhidlərimizin adlarının əbədiləşdirilməsi ölkəmizdə diqqət mərkəzində saxlanılır, şəhid ailələri və qazilərimiz dövlət tərəfindən daim yüksək diqqət və qayğı ilə əhatə olunub.
Müstəqil və xoşbəxt gələcəyimiz uğrunda canından və qanından keçən qəhrəmanlarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir. Onların əziz xatirələrini yaşatmaq, adlarını daim uca tutmaq və göstərdikləri şücaətləri təbliğ etmək hər bir azərbaycanlının mənəvi və vətəndaşlıq borcudur. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, “Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq”.
Böyük qürur hissləri ilə qeyd etmək istərdim ki, tarixi zəfər yürüşündə Mingəçevir Dövlət Universitetinin (MDU) 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhidlik zirvəsinə ucalıb. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirən, mərdlik və igidlik göstərən qəhrəman tələbə və məzunlarımız ölkə başçısı tərəfindən medallarla təltif edilib.
Universitetimizdə gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi işinə xüsusi önəm verilir və bu istiqamətdə yeni yaradılan Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin fəaliyyətini xüsusi vurğulamaq istərdim. Mərkəzin təşkilatçılığı ilə müntəzəm olaraq universitetimizin şəhid məzunlarının ailələri ziyarət edilir, Şəhidlər Xiyabanında onların əziz xatirələri anılır, qazi məzunlarla görüşlər keçirilir, Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilir, şəhər və respublika miqyasında qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilir. Eyni zamanda, MDU-nun şəhid məzunlarının tanıdılması, onların gənclər üçün örnək olan həyat hekayələrinin, şərəfli döyüş yollarının işıqlandırılması və gələcək nəsillərə ötürülməsi məqsədilə “Şəhid məzunlar” rubrikasında silsilə yazılar dərc olunur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu gün onların ruhu şaddır. Şəhidlərimizin ayaq və qan izlərinin olduğu bütün əzəli torpaqlarımız öz azadlığına qovuşub. Hazırda düşmən vandalizmindən xilas edilən doğma yurdlarımızın sürətlə dirçəldilməsi hər birimizdə böyük sevinc və qürur hissləri yaşadır. Qarabağ Azərbaycandır!
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru