2023-cü il dekabrın 29-da Mingəçevir Dövlət Universitetində (MDU) akademik və inzibati heyət üzvləri ilə cari ilin yekunlarına həsr olunmuş görüş keçirilib.
Görüşdə “Heydər Əliyev İli” çərçivəsində MDU-da reallaşdırılan çoxşaxəli fəaliyyətlər, 2023-cü ildə tədris, elm, beynəlxalq əməkdaşlıq və digər sahələrdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verən rektor Şahin Bayramov universitetin strateji hədəflərinə uyğun olaraq növbəti ildə qarşıda duran vəzifələrdən bəhs edib.
MDU-nun yeni dövrün universitetinə çevrilməsində hər bir əməkdaşın üzərinə düşən məsuliyyətdən danışan rektor bu istiqamətdə səylərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Universitetin uğurlarında pay sahibi olan əməkdaşlara təşəkkürünü bildirən Ş.Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə çıxış edən universitetin kollektiv üzvləri MDU-da əldə edilən nailiyyətlərdə kadr potensialının inkişafı istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edən əməkdaşlar bayram təbriklərini çatdırıblar.
Sonra, “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən fəaliyyətlərdə xüsusi əməyi olan MDU-nun bir qrup əməkdaşı “Fəxri Fərman” ilə təltif edilib və xatirə şəkilləri çəkdirilib.