MDU tələbələri ilə 2023-cü ilin yekunlarına həsr olunmuş görüş keçirilib

2023-cü ilin 29 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari ildə universitet həyatının müxtəlif sahələrində fəallığı ilə seçilmiş bir qrup tələbə və magistrantla görüş keçirib.

İlin yekunlarına həsr olunmuş görüşdə Ş.Bayramov MDU-nun uğurlarında tələbə gənclərin mühüm rol oynadığını vurğulayıb və universitetin müasirləşməsi istiqamətində görülən işlərə verdikləri töhfələrə görə onlara təşəkkürünü bildirib. Rektor MDU ailəsinin gənc üzvlərinə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tələbə və magistrantlar göstərilən diqqətə görə universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. MDU-da 2023-cü ilin tələbə nailiyyətlərində gənclərin hərtərəfli inkişafına hədəflənən müvafiq imkanların və çoxşaxəli tələbə həyatının təmin edilməsinin mühüm paya sahib olduğunu vurğulayaraq, göstərilən dəstəyi və etimadı hər zaman doğrultmağa çalışacaqlarına əminliklərini bildiriblər.

Sonra, “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlərdə, tədris, elmi, könüllülük, intellektual, idman və digər fəaliyyətlərdə seçilən tələbə və magistrantlar “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə təltif edilib və xatirə şəkilləri çəkdirilib.