“Azərbaycan” qəzetində rektor Şahin Bayramovun “Tarixi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliği fəaliyyət prioritetidir” başlıqlı məqaləsi dərc olunub

“Azərbaycan” qəzeti, 30.12.2023
Qəzetin PDF versiyası

Möhtərəm Prezident tərəfindən “Heydər Əliyev İli” elan edilmiş 2023-cü il ərzində Azərbaycanda və ölkəmizdən kənarda reallaşdırılan çoxşaxəli və müxtəlif formatlı fəaliyyətlər qədirbilən xalqımızın Ümummilli Liderinə olan dərin ehtiramını və sonsuz sevgisini bir daha nümayiş etdirdi. Müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü çərçivəsində həyata keçirilmiş tədbirlər dahi şəxsiyyətin zəngin irsinin nəhəng əzəmətini və qlobal miqyasını daha dolğun dərk etməyimizə imkan yaratdı.

Gəldiyimiz əsas qənaət ondan ibarətdir ki, dünyaşöhrətli siyasi xadim, xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyev dövlət müstəqilliyimizin qorunması və gücləndirilməsi, ölkəmizin hərtərəfli və davamlı inkişafı naminə həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasəti, çoxşaxəli titanik fəaliyyəti ilə hər bir azərbaycanlının qəlbində özünün əbədi heykəlini ucaldıb. Həqiqət odur ki, hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan və zəfərin şanlı səhifələrini yazmaqda davam edən müasir Azərbaycan Ümummilli Liderimizin şah əsəridir.

Qürurverici və fərəhləndirici haldır ki, “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir” deməklə Ümummilli Liderin ideyalarına və siyasi kursuna sadiqliyini ifadə edən möhtərəm Prezident İlham Əliyev son 20 ildə nəhəng uğurlara və tarixi qələbələrə imza atıb və bununla da, Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin əbədiyaşarlığını bir daha təsdiqləyib.

Ümummilli Liderimizin zəngin irsini hərtərəfli öyrənmək, araşdırmaq, gənc nəslə ötürmək və geniş ictimaiyyət arasında təbliğ etmək hər bir vətəndaşın, xüsusilə də təhsil işçilərinin əsas və şərəfli vəzifələrindəndir. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək hazırda yeni dövrün universitetinə çevrilməyi hədəfləyən, yüksəkixtisaslı mütəxəssis və layiqli vətəndaş hazırlamaq missiyasını reallaşdırmağa çalışan Mingəçevir Dövlət Universitetində (MDU) daimi diqqət mərkəzində saxlanılır. Bu baxımdan, Ulu Öndərimizin 100 illik yubileyini fəxarətlə qeyd etdiyimiz “Heydər Əliyev İli” çərçivəsində universitetdə müvafiq tədbirlər planının yüksək səviyyəsində icrasına xüsusi əhəmiyyət verilib.

2023-cü təqvim ili ərzində MDU-da Ümummilli Liderimizin anadan olmasının 100 illiyinə həsr olunan ümumilikdə 20 elmi konfrans keçirilib. Bunlardan biri respublika, üçü beynəlxalq səviyyəli konfrans olub. 4-5 may tarixlərində “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda keçirilən respublika elmi konfransı böyük marağa səbəb olub. Konfransın bölmələri  “Heydər Əliyevin azərbaycançılıq və dövlətçilik ideologiyası”, “Heydər Əliyevin dövlət və ordu quruculuğu siyasəti”, “Heydər Əliyevin xarici siyasəti”, “Heydər Əliyevin davamlı iqtisadi inkişaf strategiyası”, “Heydər Əliyevin Azərbaycan dili və ədəbiyyatının inkişafı siyasəti”, “Heydər Əliyevin elm və təhsil siyasəti”, “Heydər Əliyevin təhsil siyasəti”, “Heydər Əliyevin mədəni və milli-mənəvi inkişaf siyasəti”, “Heydər Əliyevin gənclərin inkişafı siyasəti” və “Heydər Əliyevin iqtisadiyyatın sahələri üzrə inkişaf siyasəti” mövzularına həsr edilib. Konfransın nəfis tərtibatda dərc edilən kitabında Ulu Öndərimizin zəngin irsindən bəhs edən 220 elmi məqalə yer alıb.

İyunun 19-da MDU, Azərbaycan  Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və Qazi Universitetinin birgə təşkilatçılığı ilə Ankarada “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. MDU nümayəndə heyətinin qatıldığı konfransda hər iki universitetin alimləri “Heydər Əliyev və “Bir millət, iki dövlət” anlayışı”, “Heydər Əliyevin Türk Dünyasının birliyinə töhfələri”, “Heydər Əliyev dönəmi və Türkiyə-Azərbaycan mədəni əlaqələri” və “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” sözlərinin türk sənətində izləri” mövzusunda məruzələrlə çıxış ediblər.

İyunun 20-də MDU, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə Ankarada “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq” mövzusunda növbəti beynəlxalq elmi konfrans keçirilib. Hər iki universitetin alimlərinin çıxış etdiyi konfransda Azərbaycan-Türkiyə münasibətləri, Heydər Əliyevin bu sahədəki misilsiz xidmətləri, Ümummilli Liderimizin türk xalqlarının ədəbiyyatına töhfələri və digər mövzularda elmi müzakirələr aparılıb.

Dekabrın 8-9-da Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə MDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. 5 ölkənin (Azərbaycan, Türkiyə, Litva, Ukrayna, Qırğız Respublikası) 7 universitetinin (Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Kayseri Universiteti, Mikolas Romeris Universiteti, Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti, Qırğız İqtisad Universiteti) birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi davamlı iqtisadi inkişaf, dördüncü sənaye inqilabı, postkonflikt dövründə müasir tendensiyalar, keyfiyyətli təhsil, “yaşıl enerji” və digər mövzularda elmi müzakirələrin aparılmasından ibarət olub. Konfransa 159-u xaricdən olmaqla ümumilikdə 562 tezis və məqalə daxil olub.

Bundan başqa, MDU 2023-cü ildə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı ilə birgə “Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi”, Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, Mərkəzi Aran Regional Təhsil İdarəsi və Yevlax Şəhər İcra Hakimiyyəti ilə birgə “Heydər Əliyev və Azərbaycan təhsili”, Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri”, “Azərbaycan İES” MMC ilə birgə “Azərbaycanda mühəndisliyin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”, Lənkəran Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti ilə birgə “Heydər Əliyevin xilaskar qayıdışı”  mövzusunda elmi-praktiki konfranslar təşkil edib.

“Heydər Əliyev İli” çərçivəsində universitetdə 10 elmi-praktik seminar, 7 “dəyirmi masa” keçirilib və 5 mühazirə oxunub. MDU və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 7 şəhər və rayonda (Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir) “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminarlar keçirilib. Geniş təhsil ictimaiyyətinin qatıldığı bu tədbirlərdə MDU alimləri məruzələrlə çıxış edərək Ümummilli Liderin müstəqil Azərbaycanın qurulmasında, milli-mənəvi dəyərlərimizin, eləcə də Azərbaycan dilinin qorunmasında və zənginləşməsində, milli ədəbiyyatın inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıblar.

Bununla yanaşı, cari ildə MDU-da “Azərbaycanın sosial siyasətinin inkişaf tendensiyaları və prioritetləri” və “Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil enerji sisteminin yaradıcısıdır” mövzusunda elmi-praktik seminarlar, habelə “Heydər Əliyev İli” çərçivəsində doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı təşkil olunub. Həmçinin universitetdə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir”, “Heydər Əliyev və müasir Azərbaycan”, “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”, “Heydər Əliyev və Azərbaycan dili”, “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır”, “Ümummilli Lider müasir Azərbaycanın qurucusudur” və “Tarix yazan əbədiyaşar lider” mövzularında keçirilən “dəyirmi masa”larda əbədiyaşar liderin titanik fəaliyyətinin müxtəlif aspektlərindən bəhs edilib.

Habelə, MDU və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Mingəçevir, Yevlax, Zərdab və Ağdaş məktəblərində “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda keçirilən mühazirələr Ümummilli Liderimizin zəngin dövlətçilik irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində görülən işlərə töhfə vermək məqsədi daşıyıb. Eləcə də, universitetdə “Heydər Əliyev: əbədiyaşar lider, müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı” və  “Azərbaycan tarixində Heydər Əliyev zirvəsi” mövzusunda təşkil olunan mühazirələrdə əbədiyaşar liderin rəhbərliyi dövründə Azərbaycanda baş vermiş intibah, tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğundan və Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyasının tarixi əhəmiyyətindən danışılıb.

2023-cü ildə MDU-da “Heydər Əliyev xatirələrdə” adlı layihə uğurla icra olunub. Layihə çərçivəsində universitetdə keçirilən görüşlərdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “Şöhrət” ordenli, professor Şahlar Əsgərov və ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, professor Misir Mərdanov Ulu Öndərimizlə bağlı xatirələrini Mingəçevir təhsil ictimaiyyəti ilə bölüşüblər.

Sevindirici haldır ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə MDU-nun tələbə, magistrant və doktorantları xüsusi fəallıq göstəriblər. Belə ki, 2023-cü il ərzində tələbə, magistrant və doktorantların iştirakı ilə ümumilikdə 9 elmi konfrans keçirilib.

Tələbələr Ümummilli Liderimizin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” lX ümumrespublika bilik yarışında, respublika bədii yaradıcılıq festivalında, “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsində, eləcə də respublika və şəhər miqyaslı digər çoxsaylı idman oyunlarında və intellektual müsabiqələrdə MDU-nu uğurla təmsil ediblər. MDU-nun 2 tələbəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsis edilmiş “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.

İl ərzində MDU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan çoxsaylı ağacəkmə aksiyası təşkil olunub, universitetin hər iki tədris korpusunda olan Heydər Əliyev guşələri müasir formatda tamamilə yenidən qurulub, akademik heyət üzvləri mətbuatda və televiziya kanallarında mütəmadi çıxışlar ediblər.

Tarixi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliği növbəti illərdə də MDU-nun əsas prioritetlərindən olacaq.

Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru