Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü keçirilib

  • Post category:MDU xəbərləri

16 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü keçirilib.

Hibrid formada təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris işləri üzrə prorektor Üzeyir Zeynalov tələbə və magistrantlarla görüşüb. Təşkil edilmiş görüşdə universitetin akademik heyət üzvləri də iştirak ediblər.
Üzeyir Zeynalov görüş iştirakçılarını salamlayaraq, hazırda davam edən imtahan sessiyasının gedişatı haqqında məlumat verib.
İmtahanların obyektiv, şəffaf və ədalətli keçirilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirib və tələbə və magistrantlara uğurlar arzulayıb.
Sonra, tələbə və magistrantların müraciətləri dinlənilib. Çıxışlar zamanı onlar imtahan sessiyasının təşkilindən razı qaldıqlarını bildiriblər. Tələbələr imtahanlarda obyektivliyə görə universitet rəhbərliyinə, həmçinin professor-müəllim heyətinə minnətdarlıq edib, göstərilən xüsusi diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, MDU-da 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində “Açıq qapı” günləri həftədə bir dəfə keçirilir.