Mingəçevir Dövlət Universitetinin əməkdaşları liseydə su ehtiyatlarının qorunmasına həsr olunmuş seminar keçiriblər

  • Post category:MDU xəbərləri

5 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə S.Vurğun adına 16 saylı Texniki və Təbiət fənləri təmayüllü liseydə “Su anbarı hövzəsində çirklənmənin monitorinqi və analizi metodları” mövzusunda seminar keçirilib.

Seminarda universitetin Fizika və ekologiya kafedrasının müəllimləri müxtəlif mövzular üzrə çıxış ediblər. Tədbirin əsas məqsədi şagirdlərdə su ehtiyatlarının qorunması, onların səmərəli idarə olunması və ekoloji problemlərin həlli istiqamətində maarifləndirmənin gücləndirilməsi olub.

Seminar çərçivəsində kafedranın müəllimi Natəvan Vəliyeva “Müasir dövrdə su ehtiyatlarının qorunması və səmərəli istifadəsi” mövzusunda təqdimatla çıxış edərək su resurslarının qorunmasının əhəmiyyəti və bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə ətraflı məlumat verib.

Daha sonra kafedranın müəllimi Gülmirə Məmmədova “Su anbarları və onların ekoloji problemləri” mövzusunda çıxış edərək su hövzələrində yaranan ekoloji risklər, çirklənmə mənbələri və onların qarşısının alınması yollarını diqqətə çatdırıb. O, həmçinin seminarın moderatoru qismində çıxış edərək müzakirələrin səmərəli təşkilinə töhfə verib.

Sonda isə kafedranın müəllimi Gülgün İsrafilova “Azərbaycanın su anbarlarının ekoloji problemləri və davamlı idarəetmə yolları” mövzusunda çıxış edərək ölkəmizdə su ehtiyatlarının mövcud vəziyyəti, ekoloji çağırışlar və davamlı idarəetmə mexanizmləri barədə məlumat verib.

Tədbirin yekununda seminar iştirakçıları və şagirdlərlə geniş müzakirələr aparılıb, mövzu ətrafında suallar cavablandırılıb və fikir mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti tərəfindən gənclərin ekoloji maarifləndirilməsi, su resurslarının qorunması və davamlı inkişaf prinsiplərinin təşviqi istiqamətində mütəmadi olaraq belə maarifləndirici tədbirlər təşkil olunur.