MDU-da növbəti “Açıq qapı” günü keçirilib

  • Post category:MDU xəbərləri

2023-cü ilin iyunun 24-də Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

Hibrid formatda təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Təşkil edilmiş görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər.

Görüş iştirakçılarını salamlayan rektor hazırda davam edən imtahan sessiyası haqqında ətraflı məlumat verib. İmtahanların obyektiviv, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edən Ş.Bayramov bu işdə əməyi olan universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib, tələbə və magistrantlara uğurlar arzulayıb. Ötən həftə ərzində qardaş Türkiyəyə səfər, orada tərəfdaş universitetlərdə keçirilən birgə konfrans və görüşlərdən söhbət açan rektor MDU-nun beynəlxlaq əməkdaşlığında yaranan yeni imkanlardan bəhs edib və tələbələri bundan fəal surətdə faydalanmağa dəvət edib.

Görüşdə çıxış edən tələbə və magistrantlar imtahanların təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə universitet rəhbərliyinə və professor-müəllim heyəti üzvlərinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, MDU-da imtahan sessiyası çərçivəsində hər həftə keçirilən “Açıq qapı” günündə universitet rəhbərliyinin tələbə, magistrant və onların valideynləri ilə görüşləri imtahanlarla bağlı yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyır.