MDU və “Dadashsoy Business School” arasında dayanıqlı inkişaf, innovasiya və biznes-təhsil əməkdaşlığı üzrə Memorandum imzalanıb

2026-cı ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universiteti ilə “Dadashsoy Business School” arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Memorandumu Mingəçevir Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova və “Dadashsoy Business School”un direktoru Zəka Əhmədli imzalayıblar.

İmzalanan sənəd təhsil, elm, innovasiya, sahibkarlıq, peşəkar inkişaf və insan kapitalının formalaşdırılması sahələrində tərəflər arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Memorandum çərçivəsində tələbələrin praktiki və peşəkar bacarıqlarının inkişafı, birgə təlim, seminar, konfrans, forum və ustad dərslərinin təşkili, eləcə də biznes idarəçiliyi, liderlik, marketinq, maliyyə və innovasiya sahələrində maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.

Əməkdaşlıq həmçinin tələbə və məzunların təcrübə proqramlarına, karyera inkişafı layihələrinə və məşğulluq imkanlarına cəlb olunmasını, elmi-tədqiqat və analitik layihələrin hazırlanmasını, akademik heyət, ekspertlər və praktik mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinin təşviqini əhatə edir.

Memorandum startap və innovasiya ekosisteminin inkişafına dəstək verilməsi, universitet-biznes əməkdaşlığının gücləndirilməsi və tələbələrin əmək bazarının real tələblərinə uyğun bilik və bacarıqlarla təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.