MDU-da “Ətraf mühitə təsirin qiymətləndirilməsi” təliminin sonuncu modulu keçirilib

2024-cü il mayın 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” təliminin sonuncu modulu keçirilib. Təlimdə MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib.

 MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Aytac Cavadova təlimin mahiyyəti haqqında məlumat verərək ümumilikdə 5 moduldan ibarət olduğunu, tələbələrin könüllü şəkildə qeydiyyatdan keçərək mütəxəssilərin təqdim etdiyi məruzələri maraqla dinlədiyini bildirib. Qeyd edib ki, qlobal iqlim dəyişmələri ilə mübarizə üsullarına dəstək olmaq məqsədilə təşkil olunan tədqiqatlar gələcəkdə tələbələrin bu istiqamətdə fəallığını artırmağa xidmət göstərir.

Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova “Bərpa olunan enerji mənbələri: Azərbaycan və dünyada istifadə tendensiyaları” mövzusunda təqdimatla çıxış edərək tələbələr üçün faydalı məlumatlar verib.

Keçirilimiş 5 modulun  mövzularına əsasən hazırlanmış suallarla təlimin sonunda tələbələr imtahan edilib. Yüksək nəticə göstərən tələbələr qiymətləndirilərək sertifikatlarla təltif ediləcəklər.

Qeyd edək ki, 2024-cü il aprelin 19-da start verilən Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” təliminin əvvəlki modulları “İqlim dəyişmələri və onunla mübarizə”, “Ekoloji təhlükəsizlik”, “Tullantı suları ilə su obyektlərinə axıdılan zərərli maddələrin buraxıla bilən axıntı həddinin, müəssisələr üçün atmosferə atıla bilən tullantı həddinin tərtib olunması”, “Yaşıl Biznes” mövzularını əhatə edib. Mühazirələri MDU müəllimləri ilə yanaşı, MDU-da fəaliyyət göstərən professoru Evren Güçer, Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji monitorinq sektorunun məsləhətçisi Ülkər Paşayeva, “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin Mingəçevir Regional Sınaq və Diaqnostika Mərkəzinin kimya laboratoriyasının əməkdaşı Cavid Abbasov təqdim ediblər.