Regionda rəqəmsal gələcəyə ortaq addım: MDU-nun Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu ilə Naxçıvan MR-in Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi strateji əməkdaşlıq yolunda

  • Post category:MSU News

2026-cı ilin 26 may tarixində Mingəçevir Dövlət Universitetinin Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu ilə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında rəqəmsal transformasiya, insan kapitalının inkişafı və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində dövlət proqramlarından irəli gələn strateji vəzifələrin icrası çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə həsr olunmuş rəsmi görüş keçirilmişdir.

Görüşdə Mingəçevir Dövlət Universitetini Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru Aidə Mustafayeva, Rəqəmsal inkişaf və informasiya texnologiyaları departamentinin direktoru Elçin Tağıyev, İş dünyası və məzunlarla əlaqə şöbəsinin müdir müavini Qurban Qurbanzadə və Strateji inkişaf şöbəsinin layihələr üzrə koordinatoru Aynur Quliyeva təmsil etmişdir.

Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən isə Aparat rəhbəri Əziz Hümbətov, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin direktor müavini Hüseyn Əsgərli, Nazirliyin Texnoloji inkişaf şöbəsinin müdiri Ruhən Əsgərov, eləcə də aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak etmişdir.

Müzakirələrdə rəqəmsal transformasiyanın gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş strateji dövlət proqramları çərçivəsində prioritet istiqamət kimi vurğulanmışdır. Görüş zamanı rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi, kibertəhlükəsizlik mühitinin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı və insan kapitalının formalaşdırılması üzrə geniş fikir mübadiləsi aparılmışdır.  Qeyd olunan dövlət sənədləri çərçivəsində tərəflər rəqəmsal bacarıqların inkişafı, innovativ insan kapitalının formalaşdırılması, süni intellekt və data əsaslı idarəetmə modellərinin tətbiqi, eləcə də kibertəhlükəsizlik sahəsində institusional potensialın gücləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etmişlər.

Görüşdə xüsusilə “MDU EcoTech – Camp 2026” layihəsi üzrə əməkdaşlıq perspektivləri diqqət mərkəzində olmuşdur. Layihənin əsas məqsədi gənclərin süni intellekt, kibertəhlükəsizlik, yaşıl texnologiyalar, startap inkişafı və idman analitikası sahələrində inteqrasiyalı və tətbiqyönümlü bacarıqlarının formalaşdırılmasıdır.

Qeyd olunmuşdur ki, “MDU EcoTech – Camp 2026” Azərbaycanda ilk dəfə olaraq təlim, tətbiq, yarış, startap, tədqiqat və beynəlxalq əməkdaşlıq komponentlərini birləşdirən çoxmərhələli innovativ camp modeli kimi hazırlanır. Bu model dövlət–universitet–sənaye inteqrasiyasının gücləndirilməsi, regionlararası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq tərəfdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Layihənin 2026-cı ilin iyul–avqust aylarında 4–5 günlük intensiv proqram formatında keçirilməsi nəzərdə tutulur. Bu müddət ərzində iştirakçılar laborator fəaliyyətlərə, komanda əsaslı layihələrə, real problem həllərinə, prototipləşdirməyə və çoxmərhələli yarışlara cəlb olunacaqlar.

Layihədə ilkin mərhələdə Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin iştirakı planlaşdırılır. Növbəti mərhələlərdə isə digər yerli və beynəlxalq ali təhsil müəssisələrinin də qoşulması nəzərdə tutulur.

İştirakçıların seçimi müsabiqə və qiymətləndirmə əsasında həyata keçiriləcəkdir. Seçim zamanı yüksək akademik göstəricilər, analitik və tənqidi düşünmə bacarığı, innovativ ideya təqdim etmə potensialı, texnologiya və tədqiqat sahələrinə maraq, komanda işi, liderlik qabiliyyəti, təşəbbüskarlıq və yüksək motivasiya əsas meyarlar kimi nəzərə alınacaqdır. Süni intellekt, kibertəhlükəsizlik, data analitikası və rəqəmsal texnologiyalar sahəsində fəal olan gənclərə üstünlük veriləcəkdir.

Layihənin beynəlxalq komponenti çərçivəsində Türkiyənin aparıcı ali təhsil müəssisələri olan ODTÜ, OSTİM Texniki Universiteti, Qazi Universiteti, Düzcə Universiteti və Atatürk Universitetinin mütəxəssislərinin təlimçi, mentor, ekspert və qiymətləndirici qismində iştirakı nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində süni intellekt, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, yaşıl texnologiyalar, startap ekosistemi və data analitikası üzrə ustad dərsləri və praktiki sessiyalar keçiriləcəkdir.

Qeyd olunmuşdur ki, bu yanaşma Azərbaycan və Türkiyə arasında ali təhsil, elmi tədqiqat və innovasiya sahəsində yeni institusional əməkdaşlıq modelinin formalaşmasına xidmət edir.

“MDU EcoTech – Camp 2026” layihəsinin əsas modulları süni intellekt və rəqəmsal transformasiya, EcoTech və dayanıqlı inkişaf texnologiyaları, kibertəhlükəsizlik və CTF yarışları, Smart Sports və idman analitikası, eləcə də startap və innovasiya laboratoriyası istiqamətlərini əhatə edəcəkdir. Final mərhələdə AI & EcoTech Hackathon, Green Startup Competition, Cyber Security Challenge, Smart Sports Challenge və Demo Day formatında təqdimatlar keçiriləcəkdir.

Layihələrin qiymətləndirilməsi innovasiya səviyyəsi, tətbiq potensialı, sosial təsir, texniki icra imkanları, davamlılıq və komanda işi göstəricilərinə əsaslanacaqdır. Bu yanaşma iştirakçılara yalnız ideya formalaşdırmaq deyil, həmin ideyanı real tətbiq oluna bilən innovativ həllə çevirmək bacarığı qazandıracaqdır.

Layihənin icra modeli Azərbaycanın innovasiya xəritəsi üzrə mərhələli şəkildə planlaşdırılır. Mingəçevir və Göyçay akademik və texniki baza kimi, Qəbələ, Şəki, Oğuz və Zaqatala regionları EcoTech və startap mərhələsi kimi, Bakı isə Yüksək Texnologiyalar Parkı və investor ekosistemi ilə final mərhələsi kimi nəzərdə tutulur. Naxçıvan mərhələsi isə beynəlxalq strateji bağlanış və əməkdaşlıq platforması rolunu oynayır.

Tərəflər görüşün yekununda gələcək əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrası və institusional tərəfdaşlığın gücləndirilməsi barədə razılığa gəlmişlər.

Qeyd olunmuşdur ki, bu əməkdaşlıq Azərbaycanın rəqəmsal inkişaf strategiyasının icrasına, innovasiya ekosisteminin gücləndirilməsinə və gələcəyin rəqəmsal insan kapitalının formalaşdırılmasına mühüm töhfə verəcəkdir.

Görüşün təşkilinə görə Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyinə, xüsusilə nazir vəzifəsini icra edən Azər Məmmədrəhimova, aparat rəhbərliyinə və bütün əməkdaşlara dərin təşəkküümüzü bildiririk.