MDU-nun əməkdaşları İsveçdə məhsuldar səfərdə olub

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda “Erasmus+” layihəsi çərçivəsində layihə konsorsiumunun üzvü olan Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyəti İsveç Krallığının Stokholm şəhərində məhsuldar səfərdə olublar.
Səfərdə olan əməkdaşlarımız bununla bağlı universitetin professor-müəllim heyəti qarşısında hesabat veriblər.
Əvvəlcə MDU-nun Beynəlxalq əlaqələr sektorunun rəhbəri Samirə Əhmədova səfər barədə qısa məlumat verib. Bildirib ki, 27-31 may 2024-cü il tarixlərini əhatə edən səfər çərçivəsində Kral Texnologiya Universitetində (KTH) sahibkarlıq və innovasiya mövzularında təlimlər keçirilib. Təlimlərdə MDU-nun 2 nəfər əməkdaşı, Elm və innovasiyalar şöbəsinin baş mütəxəssisi Günel Kərimli və Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Saqib Məmmədov, həmçinin layihədə iştirak edən Azərbaycanın digər 11 tərəfdaş universitetinin nümayəndələri iştirak ediblər. Ümumilikdə 16 nəfərdən ibarət qrup heyəti ali təhsil müəssisələrində institusional səviyyədə davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi məqsədi daşıyan 4-cü iş paketinin icrası ilə əlaqədar olaraq təlimlərə qatılıb.
Təəssüratlarını bölüşən Günel Kərimli səfərin əsas məqsədi barədə danışıb. Qeyd edib ki, keçirilən təlimlər universitet-sənaye işbirliyinin inkişaf etdirilməsində, ali təhsil müəssisələrində innovasiya və sahibkarlıq fəaliyyətlərinin səmərəli təşkili istiqamətində, eləcə də Azərbaycan ali təhsil müəssisələrinin sözügedən istiqamətdə inkişafında İsveç təcrübəsinin öyrənilməsi mühüm rol oynayır.
Təlimlərdə iştirak etmiş Saqib Məmmədov təqdimatında Kral Texnologiya Universiteti haqqında geniş məlumat verib. O, universitetin yaranma tarixindən, inkişafından, dünya ali məktəbləri sırasında reytinqindən, hazırki fəaliyyətindən, tədris həyatından, tələbə-müəllim münasibətlərindən, tələbələrin və müəllimlərin hüquq və vəzifələrindən, tədrisin keyfiyyətindən bəhs edib. Təlimlər çərçivəsində təşkil edilən qrup işləri, müzakirələr və digər interaktiv metodları yüksək qiymətləndirən S.Məmmədov səfərin olduqca maraqlı və faydalı olduğunu bildirib.
Qeyd edək ki, MDU Azərbaycanda koordinator statusunda Erasmus+ layihəsinin qalibi olan ilk region universitetdir və layihənin ərsəyə gəlməsində, həyata keçirilməsində, eləcə də maraqlı və uğurlu təlimlərin təşkil edilməsində əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk.