Mingəçevir Dövlət Universitetinin əməkdaşları AzTU-da Elektron Sənəd Dövriyyəsi Sistemi üzrə praktiki təlimlərdə iştirak edirlər

  • Post category:MSU News

2026-cı ilin 11 iyun tarixindən Mingəçevir Dövlət Universitetinin Sənədlər və müraicətlərlə iş, Tədrisin təşkili və planlaşdırması, eləcə də İnsan Resursları şöbələrinin əməkdaşları Azərbaycan Texniki Universitetində Elektron Sənəd Dövriyyəsi Sistemi ilə bağlı təşkil olunan praktiki təlimlərdə iştirak etmək üçün ezam olunublar.

Təlimlər zamanı AzTU-nun müvafiq əməkdaşları tərəfindən “AİST Group” şirkətinə məxsus elektron sənəd dövriyyəsi sisteminin funksional imkanları, sənədlərin rəqəmsal mühitdə qeydiyyatı, icrası, nəzarət mexanizmləri və sənəd marşrutlarının idarə olunması ilə bağlı proseslər ətraflı izah edilib. İştirakçılara sistem üzərindən sənədlərlə işin təşkili, icra intizamının izlənilməsi, sənəd axınının optimallaşdırılması və elektron idarəetmə alətlərindən səmərəli istifadə qaydaları praktiki formada təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin dövlət qurumlarında elektron idarəetmə və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrası istiqamətində Mingəçevir Dövlət Universitetində Elektron Sənəd Dövriyyəsi Sisteminə tam şəkildə keçid təmin edilib. Bu istiqamətdə universitetdə sənəd dövriyyəsinin rəqəmsallaşdırılması, idarəetmə proseslərinin çevikliyinin artırılması və kağız dövriyyəsinin minimuma endirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Elektron sənəd dövriyyəsi sisteminə keçid Mingəçevir Dövlət Universitetində rəqəmsal transformasiya prosesinin mühüm mərhələsi kimi qiymətləndirilir. Bu sistem universitetdaxili idarəetmənin səmərəliliyinin artırılmasına, sənədlərlə iş prosesinin optimallaşdırılmasına, icra intizamının gücləndirilməsinə və müasir idarəetmə mexanizmlərinin formalaşdırılmasına mühüm töhfə verir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti rəqəmsal idarəetmə, innovativ həllərin tətbiqi və institusional inkişaf istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.