2024-cü ilin dekabrın 5-də Mingəçevir Dövlət Universitetinin (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin XVIII elmi-praktiki konfransı keçirilib. Konfransda MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
Konfransı giriş nitqi ilə açan MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov tələbə gənclərin elmi tədqiqata olan marağını yüksək qiymətləndirirək bu istiqamətdə inkişafın davamlı olmasını arzulayıb. Universitetdə gənclərin tədqiqat bacarıqlarının inkişafı istiqamətində atılan addımlar diqqətə çatdıran V. Əyyubov bu kontekstdə tələbələr arasında təşkil edilən elmi tədbirlərin önəmini xüsusi vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
Sonra konfransın proqramına uyğun olaraq tələbələrin məruzələri dinlənilib.
MDU-nun İqtisadiyyat və idarəetmə fakultəsinin M23.2 saylı qrup tələbəsi Leyla Əliyeva “Azərbaycanda iqlim dəyişikliyi – COP 29”, Təhsil fakultəsinin MT22.2 saylı qrup tələbəsi Sahibə Quluzadə “Təhsildən yayınma: səbəbləri, mahiyyəti və aradan qaldırılması yolları”, Mühəndislik fakultəsinin E22 saylı qrup tələbəsi Səbinə Qədimova “Yaşıl texnologiyaların dayanıqlı inkişafda rolu”, İqtisadiyyat və idarəetmə fakultəsinin M23.1 saylı qrup tələbəsi Fərid Mehdizadə “Qarabağ və Şərqi Zəngəzurun inkişafına “Yaşıl iqtisadiyyat”ın təsiri və rolu”, Təhsil fakultəsinin Rİ20.1 saylı qrup tələbəsi Kübraxanım Nuriyeva “Ümumtəhsil məktəblərinin riyyaziyyat kursunda irrasional tənliklərin həllinin öyrənilməsi metodikası”, Mühəndislik fakultəsinin EEM23 saylı qrup tələbəsi Nigar Məmiyeva “Piroelektriklər yaşıl enerji mənbəyi kimi”, İqtisadiyyat və idarəetmə fakultəsinin MU21 saylı qrup tələbələri Babək Mirzəliyev, Uğur Mürsəlzadə “İşğaldan azad edilmiş ərazilərdə vergitutmanın xüsusiyyətləri”, Təhsil fakultəsinin İS21.2 saylı qrup tələbəsi Qızbəs Osmanova “Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə işin təşkili üzrə yaranan problemlər və onların həlli yolları”, Mühəndislik fakultəsinin EM21 saylı qrup tələbəsi Məleykə Həziyeva “Ətraf mühitin mühafizəsində ekoloji tərbiyənin rolu” mövzularında məruzələrini təqdim ediblər.
Təqdim edilən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb. Konfransın yekununda tələbələrin məruzələri müsbət dəyərləndirilib, müvafiq tövsiyələr bildirilib və təkliflər irəli sürülüb.
Qeyd edək ki, “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.