2026-cı il iyulun 13-də Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında tələbələrin sahibkarlıq, liderlik və innovasiya bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş əməkdaşlıq görüşü keçirilib və tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Mingəçevir Dövlət Universitetində keçirilən görüşün əsas məqsədi universitet ilə Assosiasiya arasında dayanıqlı tərəfdaşlıq münasibətlərinin formalaşdırılması, gənclərin, o cümlədən qadın tələbələrin sahibkarlıq potensialının üzə çıxarılması, innovativ təşəbbüslərinin dəstəklənməsi və onların real iş mühitinə hazırlanmasına xidmət edən birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Görüşü giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova universitetdə elmin, innovasiyanın və sahibkarlıq ekosisteminin inkişafı istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətlərdən danışıb.
Prorektor bildirib ki, müasir universitet yalnız bilik ötürən deyil, eyni zamanda yaradıcı ideyaların praktik həllərə çevrildiyi, gənclərin təşəbbüskarlıq və liderlik keyfiyyətlərinin inkişaf etdiyi, cəmiyyət və iş dünyası ilə qarşılıqlı dəyər yaradan açıq platforma rolunu oynamalıdır. Bu baxımdan ali təhsil müəssisələri, ictimai birliklər və biznes subyektləri arasında qurulan əməkdaşlıq tələbələrin nəzəri biliklərinin praktik təcrübə ilə zənginləşdirilməsinə, onların əmək bazarının dəyişən tələblərinə uyğun hazırlanmasına mühüm töhfə verir.
Natəvan Namazova AQSİA ilə yaradılan tərəfdaşlığın Mingəçevir Dövlət Universitetində praktik və tələbəyönümlü təhsil modelinin gücləndirilməsinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, bərabər inkişaf imkanlarının genişləndirilməsinə və regionda innovativ düşüncəyə əsaslanan yeni biznes ideyalarının formalaşmasına şərait yaradacağını vurğulayıb.
Daha sonra çıxış edən AQSİA-nın İdarə Heyətinin üzvü, sosial məsələlər üzrə müşavir Məhəbbət İbrahimova Assosiasiyanın sədri Səkinə Babayevanın səmimi salamlarını görüş iştirakçılarına çatdırıb və Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib.
Məhəbbət İbrahimova qeyd edib ki, imzalanan əməkdaşlıq müqaviləsi gənclərin sahibkarlıq potensialının üzə çıxarılması, biznes və maliyyə savadlılığının artırılması, innovativ ideyalarının inkişaf etdirilməsi və onların məsuliyyətli, çevik və təşəbbüskar peşəkarlar kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, əməkdaşlıq çərçivəsində universitet tələbələri üçün sahibkarlıq və liderlik mövzularında mentorluq proqramlarının, maarifləndirici seminarların, praktiki təlimlərin, ustad dərslərinin və təcrübə mübadiləsi tədbirlərinin təşkili nəzərdə tutulur. Eyni zamanda tələbələrin biznes ideyalarının inkişaf etdirilməsi, qadın sahibkarların uğurlu təcrübəsinin gənclərlə bölüşdürülməsi və tələbələrin Assosiasiyanın geniş sahibkarlıq şəbəkəsi ilə əlaqələrinin qurulması planlaşdırılır.
Görüş çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilə tərəflər arasında sahibkarlığın və innovativ düşüncənin təşviqini, birgə layihə və proqramların hazırlanmasını, mentorluq və təcrübə imkanlarının yaradılmasını, tələbələrin şəxsi və peşəkar inkişafının dəstəklənməsini, eləcə də universitet–cəmiyyət–biznes əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib, gələcək birgə fəaliyyətlər, tələbələrin sahibkarlıq ekosisteminə inteqrasiyası, sosial məsuliyyətli biznes təşəbbüslərinin dəstəklənməsi və regionun insan kapitalının inkişafına töhfə verəcək layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Tərəflər imzalanmış müqavilənin gənclərin yaradıcı potensialının real təşəbbüslərə çevrilməsinə, onların məşğulluq və özünüməşğulluq imkanlarının genişlənməsinə, qadınların iqtisadi və ictimai həyatda fəal iştirakının təşviqinə, eləcə də uzunmüddətli və nəticəyönümlü tərəfdaşlığın formalaşmasına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.