Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Technest” Təqaüd Proqramı çərçivəsində görüşü keçirilib

2024-cü ilin 16 dekabr ayında Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Technest” Təqaüd Proqramı çərçivəsində Gənclərin “Tech buddy” ilə görüşü keçirilib. Fəal üzvlərin (Active memberlər) axtarışı və icmanın gücləndirilməsi məqsədilə keçirilən görüş MDU-nun Akt zalında baş tutub. Tədbirdə MDU-nun akademik inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov açılış nitqi ilə çıxış edərək, görüşün məqsədinin fəal gənclərin bilik və bacarıqlarının aşkarlanmasında, həmçinin öyrəndiklərinin daha da təkmilləşdirilməsi istiqamətində bu kimi təqaüd proqramlarının verdiyi faydalardan danışıb. Bu sahədə atılan addımların MDU-nun 2030 strategiyasına töhfə veridiyini bildirən Ü.Zeynalov rəqəmsallaşmanın, tələbə və əməkdaşların İKT bacarıqlarının inkişaf etdirilməsinin MDU-nun əsas prioritetlərdən biri olduğunu qeyd edib.

Daha sonra İRİA-nın əməkdaşları tərəfindən Technest İcması (Technest Community) haqqında ətraflı məlumat verilib, birlikdə müxtəlif qrup işləri həyata keçirilib.

Tədbirin sonunda “Technest” Təqaüd Proqramı çərçivəsində 6 ay müddətində keçirilən “Peşəkar elektronika” kurslarını müvəffəqiyyətlə bitirən əməkdaş və tələbələr sertifikatla təltif olunub.

Qeyd edək ki, MDU-da İRİA-nın “Technest” təqaüd proqramı çərçivəsində 4 istiqamətdə (Peşəkar elektronika, Rəqəmsal Marketinq, Şəbəkə İnzibatçılığı, Veb proqramlaşdırma ) kurslar həyata keçirilib.