14 mart 2025-ci ildə Mingəçevir Dövlət Universiteti (MDU) Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) fəaliyyət planına uyğun olaraq Mingəçevir şəhər 1 saylı orta məktəbin 7-ci sinif şagirdləri üçün “Uşaq şəxsiyyətinin formalaşmasında qrupların rolu” mövzusunda seminar təşkil olunub. Tədbir Psixoloji Xidmət Mərkəzi və Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə baş tutub.
Seminarda MDU-nun Sosial iş (Sİ 23) qrup tələbələri Heybətzadə Nemət və Kərimova Aytən müvafiq olaraq “Uşaqlara mənfi təsir göstərən sosial qruplar” və “Kiçik sosial qrup kimi ailənin uşaq şəxsiyyətinin formalaşmasına təsiri” mövzularında ətraflı çıxış ediblər. Təqdimatlar zamanı sosial qrupların uşaqların psixoloji və sosial inkişafına təsiri, ailə mühitinin roluna dair mühüm məqamlar vurğulanıb.
Seminarın moderatoru MDU-nun Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva olub. Tədbir müzakirə formatında davam etdirilib və şagirdlərin aktiv iştirakı ilə yekunlaşıb.
Bu cür tədbirlərin keçirilməsi uşaqların sosial və psixoloji inkişafına dəstək vermək, onların sağlam mühitdə formalaşmasına töhfə vermək baxımından böyük əhəmiyyət daşıyır.