Mingəçevirdə ‘Gələcək üçün bacarıqlar’ layihəsinin IV Tusi inkubasiya proqramı start götürdü

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Gələcək üçün bacarıqlar” layihəsinin IV Tusi inkubasiya proqramına start verilib. Bu mühüm təşəbbüs gənclərin innovativ ideyalarını dəstəkləmək, onların sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və ölkəmizdə startap ekosistemini gücləndirmək məqsədi daşıyır. Proqram çərçivəsində Azərbaycanın 16 aparıcı ali təhsil müəssisəsi cəlb olunub ki, bu da tələbələrə öz potensiallarını reallaşdırmaq üçün geniş imkanlar yaradır.

Bu proqramın bir hissəsi olaraq, Mingəçevir Dövlət Universitetinin İnkubasiya və Akselerasiya mərkəzinin təşkilatçılığı ilə 05.04.2025-ci il tarixində Mingəçevir “ASAN xidmət” mərkəzində “Fikirin inkişaf etdirilməsi və təsdiqlənməsi” adlı ilkin təlim online formatda keçirilib. Təlimdə Mingəçevir Dövlət Universitetini təmsil edən 5 tələbə komandası, həmçinin mərkəzin rəhbəri və üzvləri iştirak ediblər. Tədbir iştirakçılara öz ideyalarını sistemli şəkildə inkişaf etdirmək və onları həyata keçirmək üçün ilkin addımları atmaq imkanı verib.

“Fikirin inkişaf etdirilməsi və təsdiqlənməsi” təlimi gənc startapçılara ideyalarını reallığa çevirmə prosesində ilk və ən vacib mərhələləri öyrədir. Təlim zamanı iştirakçılar öz ideyalarının potensialını qiymətləndirməyi, bazar ehtiyaclarını təhlil etməyi, hədəf auditoriyasını müəyyənləşdirməyi və ideyalarını təsdiqləmək üçün ilkin strategiyalar qurmağı öyrənirlər. Bu proses innovativ düşüncə tərzini stimullaşdırır, eyni zamanda ideyanın həyata keçirilə biləcəyinə dair konkret yol xəritəsi təqdim edir. Təlim interaktiv formada keçirilib və iştirakçıların sual-cavab sessiyaları ilə öz biliklərini dərinləşdirməsinə şərait yaradılıb. Mingəçevir Dövlət Universitetinin komandaları bu təlimdə fəal iştirak edərək öz ideyalarını təqdim ediblər. Bu cür tədbirlər gənclərimizin gələcək uğurları üçün möhkəm zəmin yaradır və ölkəmizin innovasiya sahəsindəki potensialını daha da artırır. Proqramın davamı olaraq daha bir çox maraqlı təlimlər və fəaliyyətlər planlaşdırılır.