2025-ci ilin 16 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədr müavini Hasil Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı qonaqları salamlayan Anar Eminov onlara universitet barədə məlumat verib. O, MDU-da olan ixtisaslar, təhsil infrastrukturu və universitetin əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsində rolundan danışıb. Tələbələrin inkişafına yönəlmiş layihələrin MDU-da dəstəkləndiyini və əmək bazarı ilə sıx əməkdaşlığın edildiyini diqqətə çatdıran rektor DMA-nın təqdim etdiyi imkanlardan faydalanmaqda maraqlı olduqarını bildirib.
Sonra, Hasil Abbasov tələbələrlə və məzunlarla işin təşkilindən, əmək bazarının tələblərinə uyğun ixtisas seçimləri və əmək bazarının təhlili istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat verib. O, əmək bazarındakı dinamik dəyişikliklər və tələb olunan yeni bacarıqlar barədə fikirlərini bölüşərək universitetlərlə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra, DMA-nın Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı “Kadr İndeksi” layihəsi ilə bağlı təqdimatla çıxış edib. O, bildirib ki, layihənin əsas məqsədi tələbələrin və məzunların bacarıq və səriştə səviyyəsini rəqəmsal platforma üzərindən davamlı şəkildə ölçmək və izləməkdir. Bu sistem vasitəsilə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı siyasəti formalaşdırılacaq, tələbələrin inkişaf boşluqlarına vaxtında müdaxilə ediləcək. Layihədə yumşaq bacarıqlar, rəqəmsal bacarıqlar, təcrübə, xarici dil bilikləri və sertifikatlar kimi meyarlar nəzərə alınır. Ə.Qurbanlı vurğulayıb ki, “Kadr İndeksi” platforması vasitəsilə universitetlər və dövlət qurumları əmək bazarı dəyişikliklərinə çevik reaksiya verə biləcək, tələbələrin karyera planlamasında effektiv dəstək alacaqlar.
Təqdimatdan sonra rektor layihəni yüksək qiymətləndirərək bildirib ki, “Kadr İndeksi” hazırkı əmək bazarı araşdırmalarında mühüm rol oynayacaq, gənclərin karyera inkişafına yeni perspektivlər açacaq. O əlavə edib ki, MDU olaraq belə qabaqcıl layihələrin tətbiqinə dəstək verməkdən qürur duyuruq və əmək bazarının çağırışlarına uyğun tədris prosesini daha da təkmilləşdirmək üçün əlbir çalışacağıq.
Tədbirdən sonra MDU-nun akt zalında “İxtisas bələdçisi” forumu təşkil edilib.