Mingəçevir Dövlət Universitetinin tələbələri “Vergilər” mövzusunda ümumrespublika olimpiadasında iştirak ediblər

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən müasir vergi orqanlarının yaradılmasının 25 illiyinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının yekun mərhələsi keçirilib. Olimpiada DVX-nın Tədris Mərkəzinin Şamaxıdakı inzibati binasında təşkil olunub və ölkənin 25 ali təhsil müəssisəsindən 100-ə yaxın tələbəni bir araya gətirib.

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisası üzrə təhsil alan tələbələri Namiq Qədimli, Aytəkin Abdullayeva, Nərmin İbrahimli, İlkin Quluzadə və Leyla Əliyeva bu mərhələdə universiteti təmsil ediblər.

Tədbir çərçivəsində tələbələrin asudə vaxtının təşkili məqsədilə Vergi Muzeyinə və Şamaxının Dəmirçi kəndinə ekskursiyalar təşkil olunub, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş seminar və intellektual oyunlar keçirilib.

Olimpiadanın yekun günündə “PwC Azərbaycan” şirkətinin vergi xidmətləri üzrə direktoru Günel Sədiyeva və DVX-nın rəhbər heyəti tələbələrlə görüşərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Yekun mərhələ test sualları əsasında aparılıb, suallar vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun hazırlanıb. İki növbədən ibarət yekun turun imtahanı 2 saata davam edib. Ən yüksək nəticə göstərən üç tələbə uğur qazanaraq finalın qalibi olub. Qaliblərə mükafatlar və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, MDU tələbələrinin belə tədbirlərdə fəal iştirakı onların nəzəri biliklərini təcrübədə tətbiq etmələrinə və peşəkar inkişafına əhəmiyyətli töhfə verir.