Mingəçevir Dövlət Universiteti regionun ən böyük Universitet–Sənaye Birliyi Sammitinə ev sahibliyi edir

2025-ci ilin 24 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) “HBN Group” və Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə təşkilatçılığı ilə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” uğurla keçirilib. Tədbirin əsas tərəfdaşı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), gümüş sponsoru isə “Job in Global” şirkəti olub.

“Arena Hotel Kür”də baş tutan sammit Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, “Zəfər sədası” uşaq xor qrupunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Dövlət Bayrağı və universitetin bayrağı tədbir meydanına gətirilib.

Tədbiri açan MDU-nun rektoru Anar Eminov sammitin məqsəd və əhəmiyyətindən danışaraq bildirib ki, “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” regionlarda təhsil müəssisələri ilə sənaye subyektləri arasında əməkdaşlığı gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm platformadır.

Rektor qeyd edib ki, “Regiondan Qlobala” konsepti əsasında reallaşan sammit Mingəçevirin elm, təhsil və sənaye inteqrasiyası baxımından strateji mərkəzə çevrilməsi istiqamətində əhəmiyyətli mərhələdir. O, tədbirin məqsədinin universitet–sənaye əməkdaşlığının yeni modelini formalaşdırmaq, startap və innovasiya təşəbbüslərini dəstəkləmək və dövlət–özəl sektor tərəfdaşlığını gücləndirməklə regional iqtisadi inkişafı sürətləndirmək olduğunu vurğulayıb.

A. Eminovun sözlərinə görə, sammit çərçivəsində 110 dövlət və özəl müəssisə iştirak edərək 683 vakansiya və 787 təcrübə proqramı təqdim edib. Bundan əlavə, 90-a yaxın startap layihəsi münsiflər heyəti tərəfindən qiymətləndirilib və mükafatlandırılıb. Rektor tədbirin yalnız əmək bazarının tələbləri ilə ali təhsilin əlaqələndirilməsi baxımından deyil, həm də regionlarda innovativ ekosistemin formalaşmasına xidmət edən önəmli bir platforma olduğunu qeyd edib. O, təşkilatçılara, tərəfdaşlara və sponsorlara təşəkkürünü bildirib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında belə miqyaslı tədbirin şəhərdə keçirilməsini yüksək dəyərləndirərək, onun regionun sosial-iqtisadi inkişafına və gənclərin karyera imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdət Həsənov ali təhsilin sənaye ilə inteqrasiyasının vacibliyini qeyd edərək, bu cür təşəbbüslərin universitetlərin tətbiqyönümlü fəaliyyətini gücləndirdiyini bildirib.

“HBN Group”un icraçı direktoru Tariyel Dövlətov sammitin ideya müəlliflərindən biri kimi layihənin təhsil və biznes sektorlarının birgə əməkdaşlığının nəticəsi olduğunu vurğulayıb.
ATİB-in sədri Mürsəl Rüstəmov isə iki qardaş ölkə arasında iqtisadi və akademik əməkdaşlığın dərinləşdirilməsində sammitin önəmli rol oynadığını qeyd edib.

Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədr müavini Ramal Quluzadə universitet–sənaye əməkdaşlığının gənclərin məşğulluq imkanlarının artırılmasında strateji əhəmiyyət daşıdığını bildirib.
ASK-ın Baş katibi Ziya Hacılı dövlət və özəl sektorun birgə fəaliyyətinin regional iqtisadiyyatın dayanıqlığına xidmət etdiyini vurğulayıb.

“SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova və Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov rəqəmsal bacarıqların, innovasiyanın və insan kapitalının inkişafında universitet–şirkət əməkdaşlığının rolunu önə çəkiblər.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin üzvü Ramin Cəfərov və 4SİM-in şöbə müdiri Gülminə Məlikzadə çıxışlarında sammitin dövlət–özəl tərəfdaşlığına yeni nəfəs gətirdiyini qeyd ediblər.

Tədbir çərçivəsində MDU ilə DMA, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, ASK, Azərbaycan HR İnstitutu və “Proqress” Təlim və Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumları imzalanıb. Bu memorandumlar birgə layihələrin, təcrübə proqramlarının və elmi-tədqiqat təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutur.

Sammitdə DMA ilə birgə Karyera Sərgisi də təşkil olunub. Sərgidə 110-dan çox dövlət və özəl müəssisə öz fəaliyyət istiqamətlərini, vakansiyalarını və xidmətlərini təqdim edib. Tədbirdə təhsil müəssisələri, dövlət agentlikləri, maliyyə, istehsal, logistika, konsaltinq, turizm, media və sosial xidmətlər sektorlarını təmsil edən qurumlar iştirak ediblər. Rəsmi hissədən sonra sərgiyə baxış keçirilib, tələbələrlə şirkət nümayəndələri arasında fərdi görüşlər təşkil olunub.

Sammit çərçivəsində keçirilən “UniStartup” müsabiqəsində MDU və digər region universitetlərinin tələbə və magistrant komandaları tərəfindən hazırlanan 90-a yaxın startap layihəsi “SmartNation”, “HTEC-Invest”, Rəqəmsal İnkişaf Agentliyi və “Synergy Consulting” ekspertləri tərəfindən qiymətləndirilib.

Bundan əlavə, “Mutfakçı” şirkətinin rəhbəri İlkin Manafov və “Resource HUB” MMC-nin direktoru Gülnarə İsmayılova tərəfindən master-klass təqdimatları keçirilib.

Tədbirin sonunda sammitin təşkilində fəallıq göstərənlər MDU-nun rektoru Anar Eminov tərəfindən təşəkkürnamələrlə təltif olunublar. Həmçinin, Cambridge Teaching Knowledge Test (TKT) Module 1 imtahanında uğurla iştirak edən MDU-nun yeddi müəlliminə beynəlxalq sertifikatlar təqdim edilib.

Sammit “Zəfər sədası” uşaq xor qrupunun ifasında vətənpərvərlik ruhunda səslənən musiqilərlə yekunlaşıb. Tədbirdə Mingəçevir və ətraf regionlardan olan tələbələr, magistrantlar, məzunlar və işaxtaran gənclər iştirak ediblər.

Sammit iştirakçıları regionlarda innovasiya potensialının artırılması, universitet–sənaye əməkdaşlığının möhkəmləndirilməsi və gənclərin rəqəmsal bacarıqlarının inkişafı istiqamətində fikir mübadiləsi aparıblar.