2025-ci ilin 21 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi konfransı keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin ikinci tədris binasının akt zalında təşkil olunan konfransı fakültə dekanı vəzifəsini müvəqqəti icra edən Məlahət Rəhimova açaraq iştirakçıları salamlayıb və tədbirin əhəmiyyətindən bəhs edib. Ardınca rektorun müşaviri Ceyhun Mahmudov çıxış edərək konfransın elmi istiqamətlər üzrə tələbələr üçün yaratdığı imkanları vurğulayıb.
Tədbirdə müxtəlif iqtisadiyyat və idarəetmə sahələrini əhatə edən məruzələr dinlənilib və mövzular üzrə müzakirələr aparılıb
MDU-nun tələbələrindən xanım Məmmədova “Enerji asılılığından diversifikasiya: Azərbaycanın iqtisadi suverenliyində qeyri-neft sektorunun rolu”, Anar İsmayılov “Türk dövlətlər birliyinin iqtisadi potensial”, Nərgiz Zülfüqarlı “Müasir dövrdə konstitutsional dəyərlərin qorunması və inkişaf perspektivlər”, Qöncə Əliyeva “Azərbaycanın iqtisadi suverenliyinin güclənməsində Qarabağın bərpasının rolu (maliyyə təhlili)”, Selcan Eyubzadə “Müstəqil Azərbaycanın iqtisadi siyasətinin nəticələrinə statistik baxış”, Məhəmməd Yunuslu “Kəlbəcər rayonunun turizm reqresiya potensialının araşdırılması”, Fəryad Seyidəhmədova “Dünya statistikasını dəyişən Keyns” və Gülay Həsənova “Şəhidlər xiyabanı – Dark turizm potensialının dəyərləndirilməsi” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans tələbələrin iqtisadiyyat və idarəetmə sahəsində elmi-tədqiqat fəaliyyətinə marağının artırılması, onların analitik düşüncə bacarıqlarının inkişafı və müasir idarəetmə yanaşmalarına dair akademik müzakirə mühitinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Qeyd edək ki, MDU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi, ictimai və maarifləndirici tədbirlər ardıcıl şəkildə davam etdirilir.