2025-ci ilin 26 dekabr tarixində Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiyaya və Suverenlik İli” qrantı çərçivəsində həyata keçirilən “Mediada Gənclərin Hüquqi Mübarizəsi” layihəsi üzrə maarifləndirici təlim təşkil olunub.
Universitetdə keçirilən təlimdə media sahəsinə maraq göstərən və media savadlılığı bacarıqlarını inkişaf etdirmək istəyən gənclər iştirak ediblər. Təlimin əsas məqsədi iştirakçılara müasir informasiya mühitində qarşılaşdıqları risklər barədə məlumat vermək, fakt yoxlama üsullarını izah etmək, dezinformasiyanın təsirlərini göstərmək və rəqəmsal təhlükəsizlik qaydaları haqqında biliklər qazandırmaq olub.
Təlim Gazi Universitetinin doktorantı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Rasim Həsənzadə tərəfindən keçirilib. Təlimçi çıxışında fakt yoxlama mexanizmləri, dezinformasiyanın yayılma üsulları, media mühitində məlumatların düzgün qiymətləndirilməsi və şəxsi məlumatların qorunması kimi mövzulara toxunub. Təqdimat zamanı real nümunələr əsasında interaktiv müzakirələr aparılıb və iştirakçılara praktiki tövsiyələr verilib.
Təlim çərçivəsində gəncləri maraqlandıran suallar cavablandırılıb, informasiya məkanında məsuliyyətli və təhlükəsiz davranışın əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, “Mediada Gənclərin Hüquqi Mübarizəsi” layihəsi gənclərin media savadlılığının artırılmasına, onların tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsinə və rəqəmsal risklərə qarşı daha hazırlıqlı və məlumatlı vətəndaş kimi formalaşmasına töhfə verməyi məqsəd qoyur.