Mingəçevir Dövlət Universitetində “Azərbaycanın İqlim Siyasəti, Milli Öhdəliklər və Turizmin Gələcəyi” mövzusunda təlim təşkil olunub. Tədbirdə universitetin İqtisadiyyat kafedrasının müəllim heyəti, tələbələr və gənc tədqiqatçılar iştirak edərək iqlim dəyişikliklərinin ölkəmizin sosial-iqtisadi inkişafına və xüsusilə turizm sektoruna təsirini müzakirə edib və həll yolları üzərində fikir mübadiləsi aparıblar. Təlimdə İqtisadiyyat kafedrasının müəllimləri Kənan Abbasov və Rəşad Hüseynzadə mövzu istiqamətində təqdimat edərək çıxış etmiş və mövzu ətrafında dinləyici auditoriyayla aktiv müzakirə mühiti yaratmışlar.
Təlim mövzusunun əsas istiqaməti, iqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil, həm də iqtisadi və sosial təhlükəsizlik məsələsi kimi təyin olunub. Bildirilib ki, 2015-ci ildə qəbul olunmuş Paris Konvensiyası çərçivəsində Azərbaycan da öz milli öhdəliklərini müəyyən edib və istixana qazı emissiyalarının azaldılması istiqamətində konkret hədəflər qarşıya qoyub. Qeyd olunub ki, bu proses Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində həyata keçirilir və ölkəmiz beynəlxalq iqlim təşəbbüslərində fəal iştirak edir.Təlim zamanı “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yaşıl artım və ekoloji mühitin qorunmasının əsas prioritetlərdən biri olduğu diqqətə çatdırılıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqinin dayanıqlı inkişaf modelinə keçidin real nümunəsi olduğu qeyd edilib. Çıxışlarda iqlim dəyişikliklərinin turizm sektoruna təsiri də geniş şəkildə izah olunub. Temperatur artımı, su ehtiyatlarının azalması, dağlıq ərazilərdə qar örtüyünün zəifləməsi və Xəzər sahilində mümkün ekoloji risklərin turizmin gələcəyinə təsir göstərə biləcəyi bildirilib. Bununla yanaşı, dayanıqlı və “yaşıl turizm” modelinə keçidin vacibliyi vurğulanıb və bu istiqamətdə ÜTT tərəfindən irəli sürülən yanaşmalar barədə məlumat verilib.
Təlimin yekununda iştirakçılarla müzakirə aparılıb, suallar cavablandırılıb və qeyd olunub ki, iqlim siyasəti ilə turizm strategiyasının uzlaşdırılması Azərbaycanın gələcəkdə regionda ekoloji məsuliyyətli və rəqabətqabiliyyətli turizm mərkəzinə çevrilməsinə töhfə verə bilər.