Mingəçevir Dövlət Universitetinin futzal komandası tələbələrarası yarışlarda uğurlu nəticə əldə edib

  • Post category:Sports

11–12 mart 2026-cı il tarixlərində Gəncə şəhərində Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFFİB) təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə “Novruz Kuboku” turniri keçirilib.

Turnirdə Mingəçevir Dövlət Universitetinin komandası da uğurla iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışların yekununda MDU komandası yüksək oyun nümayiş etdirərək 3-cü yerə layiq görülüb və müvafiq olaraq təltif olunub.

Mingəçevir Dövlət Universitetində tələbələrin fiziki sağlamlığının qorunması, idmana marağının artırılması, komanda ruhunun gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılır. Bu baxımdan, universitet tələbələrinin respublika səviyyəli yarışlarda iştirakı onların həm şəxsi inkişafına, həm də universitetin idman nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verir.

Qeyd edək ki, futzal üzrə “Novruz Kuboku” turniri tələbələr arasında dostluq münasibətlərinin inkişafı, sağlam rəqabət mühitinin formalaşdırılması və gənclərin asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyətli platforma kimi çıxış edir. Turnirdə qazanılan bu uğur MDU tələbələrinin idman sahəsində potensialını və komanda birliyini bir daha nümayiş etdirib.