Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin müdiri Samirə Əhmədova Macarıstana işgüzar səfər çərçivəsində bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə görüşlər keçirib.
Səfər zamanı Seçeni İştvan Universiteti (Széchenyi István University) və Budapeşt Korvinus Universiteti (Corvinus University of Budapest) ilə potensial əməkdaşlıq imkanları geniş müzakirə olunub.
Görüşlərdə tərəflər arasında akademik mübadilə proqramlarının təşkili, ikili diplom proqramlarının icrası, müəllim və tələbə mobilliyinin artırılması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də müxtəlif beynəlxalq proqramlar çərçivəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə Avropa təhsil məkanına inteqrasiyanın gücləndirilməsi və beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunub.
Eyni zamanda, tərəflər gələcəkdə ikitərəfli razılaşmaların imzalanması və konkret fəaliyyət planlarının hazırlanması imkanlarını da nəzərdən keçiriblər.
Qeyd edək ki, MDU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi universitetin strateji inkişaf prioritetləri sırasında mühüm yer tutur və bu istiqamətdə atılan addımlar ali təhsilin keyfiyyətinin yüksəldilməsinə, eləcə də qlobal akademik mühitə inteqrasiyanın gücləndirilməsinə xidmət edir.