Mingəçevir Dövlət Universitetinin təşəbbüsü ilə “İqlim dəyişmələrinin ətraf mühitə təsiri” mövzusunda maarifləndirici debat keçirilib.

Universitetin Mühəndislik fakültəsinin Təbiət elmləri kafedrasının müəllimi Şəbnəm İslamova tərəfindən təşkil olunan tədbir Oğuz rayonunun Xaçmaz kənd 3 saylı ümumtəhsil məktəbində şagirdlərin iştirakı ilə baş tutub.

Debatın əsas məqsədi şagirdlərdə iqlim dəyişiklikləri, onların ətraf mühitə təsiri və bu proseslərin qarşısının alınması yolları barədə bilik və məlumatlılığı artırmaq, eyni zamanda ekoloji məsuliyyət hissini formalaşdırmaq olub. Tədbir çərçivəsində iştirakçılar iki komandaya bölünərək mövzu ətrafında müxtəlif arqumentlər irəli sürüb, iqlim dəyişikliklərinin səbəbləri, nəticələri və mümkün həll yolları barədə geniş müzakirələr aparıblar.

Debat zamanı qlobal istiləşmə, istixana qazlarının artması, su ehtiyatlarının azalması, biomüxtəlifliyin itirilməsi kimi aktual ekoloji problemlər diqqət mərkəzində olub. Şagirdlər çıxışlarında həm yerli, həm də qlobal səviyyədə müşahidə olunan ekoloji çağırışlara toxunaraq, bu problemlərin əsas səbəblərindən birinin insan fəaliyyəti olduğunu xüsusi vurğulayıblar. Eyni zamanda, ekoloji tarazlığın qorunması, təbii resurslardan səmərəli istifadə və davamlı inkişaf prinsiplərinin tətbiqinin vacibliyi qeyd edilib.

Tədbir çərçivəsində iştirakçıların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə zamanı debat mədəniyyəti, arqumentlərin məntiqi əsaslandırılması, təqdimat bacarıqları və komanda işi meyarları nəzərə alınıb və qalib komanda müəyyən edilib. Sonda fərqlənən şagirdlər təşəkkürnamə və sertifikatlarla təltif olunublar.

Çıxış edən Şəbnəm İslamova bu cür maarifləndirici tədbirlərin gənc nəslin ekoloji biliklərinin artırılması, onların ətraf mühitin qorunmasına həssas yanaşmasının formalaşdırılması və ictimai fəallığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Debat interaktiv və maraqlı müzakirələrlə yadda qalıb, şagirdlərin ekoloji mövzulara marağını daha da artırıb, onların analitik düşünmə, tənqidi yanaşma və ünsiyyət bacarıqlarının inkişafına müsbət təsir göstərib. Qeyd olunub ki, bu kimi təşəbbüslər gələcəkdə ekoloji şüurun daha da möhkəmlənməsinə və cəmiyyətin davamlı inkişafına töhfə verəcəkdir.