2026-cı ilin 15 may tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə “Sıfır Karbon Ekofest (Zero Carbon EcoFest)” adlı festival keçiriləcək. Mingəçevir şəhərində təşkil olunacaq tədbir universitetin “Yaşıl Kampus” yanaşmasının genişləndirilməsi və dayanıqlı inkişaf prinsiplərinin təşviqi istiqamətində mühüm təşəbbüslərdən biri kimi dəyərləndirilir.
Festivalın əsas məqsədi kampus daxilində karbon izinin azaldılması, tələbə və əməkdaşlar arasında ekoloji məsuliyyətin gücləndirilməsi, həmçinin dayanıqlı həyat tərzinin təşviqidir. Bu təşəbbüs universitetdə ekoloji idarəetmə, resursların səmərəli istifadəsi və müasir yaşıl transformasiya yanaşmalarının daha sistemli şəkildə tətbiqinə xidmət edir.
Tədbir çərçivəsində iştirakçılar üçün sıfır tullantı prinsipləri, yaşıl enerji həlləri, su resurslarının qorunması və iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində maarifləndirici fəaliyyətlər təşkil olunacaq. Eyni zamanda, praktik təqdimatlar, interaktiv sessiyalar və ekoloji təşəbbüslər vasitəsilə iştirakçıların bilik və bacarıqlarının artırılması nəzərdə tutulur.
“Zero Carbon EcoFest” universitet mühitində ekoloji düşüncə tərzinin formalaşdırılması, innovativ və məsuliyyətli yanaşmaların təşviqi, həmçinin qlobal dayanıqlı inkişaf çağırışlarına uyğun fəaliyyət modelinin gücləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayacaq.
MDU bu kimi təşəbbüslərlə ali təhsil müəssisəsi olaraq yalnız akademik fəaliyyətlə kifayətlənməyərək, eyni zamanda ekoloji dayanıqlılıq, sosial məsuliyyət və sağlam həyat tərzinin təşviqi istiqamətində aktiv mövqe nümayiş etdirdiyini bir daha ortaya qoyur.
Qeyd edək ki, festival universitetin “Yaşıl Kampus” strategiyası çərçivəsində həyata keçirilən fəaliyyətlərin genişləndirilməsi və beynəlxalq səviyyədə tanınan dayanıqlılıq yanaşmalarına uyğun inkişafın təmin olunmasına xidmət edir.