MDU-da dayanıqlı inkişaf və yaşıl iqtisadiyyata töhfə verən yeni ekoloji tədqiqat layihəsi icra olunur: Xəzər sahillərinin ekoloji vəziyyətinə dair yeni elmi tədqiqat layihəsinə start verilib

Mingəçevir Dövlət Universitetində yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf istiqamətində elmi tədqiqat fəaliyyətləri genişlənməkdə davam edir. Universitetdə həyata keçirilən növbəti elmi layihə Xəzər sahil ekosistemlərinin qorunması, antropogen təsirlərin qiymətləndirilməsi və ekoloji təhlükələrin elmi əsaslarla araşdırılmasına həsr olunub.

“Yaşıl iqtisadiyyat kontekstində Xəzər sahilinin mühafizə olunan və ictimai istifadə zonalarında qum, bitki örtüyü və antropogen hissəciklərin vizual-mikroskopik müqayisəli tədqiqi” adlı layihə çərçivəsində sahə müşahidələri, nümunələrin laborator analizləri və mikroskopik qiymətləndirmələr aparılır. Tədqiqatın əsas məqsədi sahil zonalarında mikroplastiklər və digər antropogen çirkləndiricilərin səviyyəsini müəyyənləşdirmək, ekoloji riskləri qiymətləndirmək və dayanıqlı sahil idarəçiliyinə elmi töhfə verməkdir.

Layihə MDU-nun dosenti, fakültə dekanı Nüşabə Qədimli və universitetin magistrantı, elmi tədqiqatçı Ülvi Məmmədov tərəfindən həyata keçirilir. Müasir laborator yanaşmaların tətbiq olunduğu tədqiqat universitetdə tələbə-elmi əməkdaşlığının inkişafına və gənc tədqiqatçıların dayanıqlı inkişaf sahəsində aktiv iştirakına xidmət edir.

Tədqiqat nəticələrinin ekoloji maarifləndirmə, biomüxtəlifliyin qorunması və Xəzər sahillərində ekosistem dayanıqlığının gücləndirilməsi istiqamətində praktik əhəmiyyət daşıdığı vurğulanır.a