Mingəçevir Dövlət Universitetinin tələbələri inklüziv inkişaf üzrə müşahidə və praktik sessiyada iştirak ediblər

  • Post category:MSU News

Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində təhsil alan Rİ 22.1 və Rİ 22.2 qruplarının tələbələri Mingəçevir şəhərində yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzində “İnklüziv inkişaf modelləri və sosial ədalət mexanizmləri” mövzusunda praktik yönümlü inklüziv müşahidə sessiyasında iştirak ediblər. Tədbir Pedaqogika və psixologiya kafedrasının müəllimləri Zülfiyyə Tanrıverdiyeva və Günel Nəcəfovanın rəhbərliyi ilə təşkil olunub.

Sessiyanın əsas məqsədi inklüziv inkişaf modelini praktik mühitdə müşahidə etmək, sosial ədalət prinsiplərinin real təhsil mühitində tətbiqini öyrənmək, eləcə də tələbələrdə empatiya, əməkdaşlıq və sosial məsuliyyət kimi bacarıqların formalaşdırılmasına dəstək olmaq olub.

Tədbir çərçivəsində tələbələr və inklüziv təhsilə cəlb olunmuş uşaqlar üçün birgə yaradıcı və inkişafetdirici fəaliyyətlər təşkil olunub. Fəaliyyətlər zamanı tələbələr və uşaqlar nağıl və ədəbi əsərlər əsasında hazırlanmış illüstrasiyaların rənglənməsi, həmçinin idrak qabiliyyətlərini, məntiqi düşüncəni və sensor-motor koordinasiyanı inkişaf etdirməyə yönəlmiş pazlların yığılması prosesində iştirak ediblər. Bu proses uşaqlar arasında sosial inteqrasiyanın gücləndirilməsinə, qarşılıqlı ünsiyyət və bərabər iştirak imkanlarının təmin olunmasına töhfə verib.

Sessiya zamanı tələbələr uşaqların təlim prosesində iştirakını müşahidə edib, müxtəlif inkişaf xüsusiyyətlərinə malik uşaqların inklüziv mühitdə birgə öyrənmə təcrübəsi ilə yaxından tanış olublar.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində inklüziv təhsilin və sosial ədalət prinsiplərinin təşviqi istiqamətində həyata keçirilən bu cür praktik təşəbbüslər tələbələrin peşə kompetensiyalarının inkişaf etdirilməsi, sosial məsuliyyət hissinin formalaşdırılması və inklüziv cəmiyyətin inkişafına töhfə baxımından mühüm əhəmiyyət daşıyır.