Mingəçevir Dövlət Universitetində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-bədii seminar keçirilib

  • Post category:MSU News

20 fevral 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dili milli özünüdərkin, ümumxalq yaddaşın və mənəvi bütövlüyün təməlidir!” mövzusunda elmi-bədii seminar keçirilib. Tədbir universitetin Heydər Əliyev Muzeyində təşkil olunub.

Seminarı giriş sözü ilə açan Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova ana dilinin xalqın milli-mənəvi dəyərlərinin qorunmasında, milli özünüdərkin formalaşmasında və mədəni irsin gələcək nəsillərə ötürülməsində mühüm rolundan bəhs edib. Bildirilib ki, Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Tədbirdə Humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov “Milli kimliyin formalaşmasında ana dilinin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ana dilinin milli-mədəni yaddaşın əsas dayaqlarından biri olduğu, xalqın tarixi keçmişinin, ədəbi-bədii təfəkkürünün və mənəvi dəyərlərinin yaşadılmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Seminar çərçivəsində tələbələrin müxtəlif mövzularda çıxışları dinlənilib. Çıxışlarda ümummilli lider Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin milli ideologiyanın formalaşmasındakı rolu, qloballaşma şəraitində ana dilinin qorunması məsələləri və dilin milli yaddaşın daşıyıcısı kimi əhəmiyyəti geniş şəkildə şərh olunub.

Tədbirin bədii hissəsində universitet tələbələri tərəfindən ana dilinə həsr olunmuş şeirlər səsləndirilib, Azərbaycan dilinin zənginliyi və milli-mənəvi dəyəri poetik nümunələr vasitəsilə təqdim edilib.

Seminar iştirakçıları tərəfindən vurğulanıb ki, ana dilinin qorunması hər bir vətəndaşın mənəvi borcudur və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi gənc nəslin milli dəyərlərə bağlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.