” 1926-CI İL I TÜRKOLOJİ QURULTAY: TARİXİ ZƏMİNDƏ, ARXİV SƏNƏDLƏRİNDƏ, MİLLİ MƏTBUATDA” KİTABININ DİLİ VƏ ÜSLUBU”

  • Post category:MSU News

Bəzən elə kitablar olur ki, onlar sadəcə vərəqlərdən və mürəkkəbdən ibarət deyil, tarixin tozlu rəflərindən qopub gələn bir hayqırışdır. Professor Nadir Məmmədlinin ” 1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda “ əsəri məhz belə bir kitabdır. Müəllif bizə sadəcə arxiv sənədlərini deyil, bir millətin dirçəliş və ümid salnaməsini təqdim edir.

Bu kitabın ruhu haradadır?

İlk növbədə, müəllifin dilində və üslubundadır. Kitabda elmi üslubun dəqiqliyi ilə publisistikanın alovu birləşib. Müəllif hadisələri sadəcə nəql etmir; o, hər bir stenoqramın, hər bir məxfi sənədin arxasındakı insan talelərini, duyğularını və real həyatı üzə çıxarıb, onları oxucu üçün maraqlı və canlı hala gətirib. Bu, böyük ustalıq və sənətə sevgi tələb edən bir yanaşmadır. Kitabın dili bizə pıçıldayır ki, o illərin “və”, “amma”, “lakin”ləri belə böyük mübarizələrin nəticəsidir. Arxiv sənədlərinin sintaktik təhlili göstərir ki, o dövrün alimləri təkcə əlifba dəyişmirdilər, onlar yeni bir təfəkkür təməli qoyurdular. Müəllif  bu sənədləri müasir dilin süzgəcindən keçirərək, onları keçmişin “tozlu yaddaşından” çıxarıb gələcəyin “parlaq işığına” çevirir. Dünənlə bu gün arasında mənəvi körpü quran tədqiqatçı öz üslubu ilə sübut edir ki, həqiqət gec-tez arxivlərdən çıxır və öz doğma dilində danışmağa başlayır. Dilçi alimin öz dili ilə desək: “  Əsər həmin günlərin nəfəsini, o zaldakı səslərin titrəyişini, tribunadan səslənən hər bir fikrin ardında gizlənən tarixi yükü anlamaq üçün yazılıb”.

Kitabdakı səslər, sözlər və cümlələr bir-biri ilə uyuşaraq gözəl bir ahəng yaradıb. Oxucuya təsir edən bu ahəngin özündə daşıdığı ruhdur, hansı ki o ruhu içinə çəkə bilən nitqlə reallaşa bilib. Milli yaddaşın keşiyində duran alim daxilindən gələn səslə tarixin onun qarşısında qoyduğu missiyanı birləşdirmiş, gələcək üçün çalışmış və ədibin dili də, deyim tərzi də, üslubu da məhz bu məqamdan, bu tələbdən yaranmışdır. Bu kitab – sanki bir vicdan borcunun yerinə yetirilməsidir. Kitabın dilinə doğmalıq və təbiilik qzandıran sözlərin əksəriyyəti xalqın milli yaddaşından gəlir. Bu kitabda dil yalnız ünsiyyət vasitəsi kimi deyil, milli ruhun, mənəvi yaddaşın və estetik düşüncənin daşıyıcısı kimi təqdim olunur. Yazıların səmimiyyəti oxucuda daxili rahatlıq və mənəvi istilik yaradır. Əsərin üslubunda türk xalqlarının mədəni inteqrasiyasına və milli kimliyin qorunmasına verilən xüsusi önəm, müəllifin bu tarixi hadisəyə milli təəssübkeşliklə yanaşdığını göstərir. Kitabdakı cümlələrə diqqət yetirək: “ Bu qurultay sadəcə elm adamlarının toplandığı bir yığıncaq deyildi. O əsrlərin yükünü çiyinlərində daşıyan əlifbaların, dillərin və mədəniyyətlərin qarşılaşdığı bir meydan idi. Min illərlə türklərin hafizəsini daşıyan ərəb qrafikası ilə yeni dünyanın işıqlı sabahı kimi təqdim edilən latın əlifbası ilk dəfə idi ki, burada üz-üzə gəlirdi. Bu ziddiyyətlərin arxasında isə yalnız yazının deyil, türkdilli xalqların taleyi dayanırdı. İnsanların gözlərində bir işıq vardı.  O an küçədəki izdihamla zalda oturanların ürəkləri bir döyünürdü. İsmailiyyənin daş-divarları isə  tarixin yaddaşına həkk olunmuş o günün şahidi kimi bu səsin ahəngini yüz ildir ki, qoruyur! “

Əsərdə təkcə arxiv sənədləri deyil, hadisənin baş verdiyi məkan da canlandırır. İsmailiyyə binasının divarlarını sadəcə memarlıq obyekti deyil, tarixin canlı şahidi kimi təqdim edilir. Müəllifin təsvirində binanın divarları sanki o dövrün həyəcanını və gərginliyini özünə hopdurub və bu gün bizə o hadisələri pıçıldayır. Bu bədii yanaşma, tarixin kitablardan başqa, həm də o anın baş verdiyi daşlarda və divarlarda yaşadığını göstərir, bununla məkanın simvolik əhəmiyyətini çox gözəl açılır.“O gün Bakı sadəcə paytaxt deyildi- türk dünyasının ürəyi, mədəni və siyasi gələcəyini sınayan bir təcrübə meydanı idi. Hər çıxış. Hər protokol, hər mübahisə indi bizə arxiv kağızlarında “ söz” kimi görünənlər o vaxt insanların ruhunda ya ümid, ya qorxu, ya da böyük inam idi. Sabir bağına sığınan İsmailiyyənin divarları arasında bir tarix yazılırdı- sözün hökmü bütöv bir türk dünyasının taleyini, gələcəyini dəyişəcəkdi! “ Burada  arxiv sənədlərinə yalnız elmi fakt kimi deyil, sanki yaşayan bir orqanizm kimi yanaşılır, metaforik köçürmə üsulundan istifadə edilir.Gözlərimiz qarşısında arxivlərdəki ‘səssiz’ və ‘soyuq’ kağızlar o dövrün canlı insan hisslərinə — ümidə, qorxuya və inama çevrilir.

Vətəndaş-ziyalı mövqeyindən çıxış edən professor N. Məmmədli qurultayın başlama və bitmə tarixlərini təqvim  rəqəmlərindən daha təsirli görünən  təbiətin simvolik təzadı kimi təqdim edir. O, ‘qışın sərt nəfəsi’ ilə ‘yazın gəlişini’ üz-üzə qoyaraq, bu elmi hadisəni köhnəlikdən yeniliyə, qaranlıqdan işığa keçid kimi mənalandırır. Burada təbiət hadisələri ilə millətin taleyi arasında qurulan bu məntiqi ziddiyyət sübut edir ki, qurultay sadəcə bir toplantı deyil, türk dünyasının mənəvi qışından mədəni baharına açılan bir qapı idi. Müəllif bu tarixi dönüş nöqtəsini belə təsvir edir: “ 26 fevral 1926-cı il- qışın sərt nəfəsi küçələrdə dolaşdığı, saf, təmiz , günəşli hava ilə qaranlığın bir-birinə qovuşduğu zaman, axşam saat 7-də İsmailiyyə binasında yanan gur işıqlar Bakının gecəsini işıqlandırdı. 6 martda, yazın nəfəsi şəhərə dolanda , qurultay da öz sözünü deyib tarixə yazılıd. Qışın qaranlığından yazın işığına uzanan bu yol türk dünyasının gələcəyinə açılmış cığır idi. Sanki təbiətin özü də bu məclisin rəmzini yaratmışdı: qışdan yaza , köhnədən yeniyə!

“ I Türkoloji Qurultay: tarixi zəmində” adlı I fəsildə – Milli taleyimizin salnaməçisi  N.Məmmədli qurultay məruzələrinin orijinal variantlarını təqdim etməklə kifayətlənmir, hər bir çıxışa verdiyi maraqlı və emosional şərhlərlə sanki oxucunu 1926-cı ilin o gərgin elmi-siyasi atmosferinə birbaşa daxil edir və burada elmi dəqiqliklə publisistik aydınlıq bir-birini tamamlayaraq hadisələrin mahiyyətini daha qabarıq göstərir. Məhz bu prizmadan Aşmarinin tədqiqatlarına nəzər salan müəllif qeyd edir ki, ” Aşmarinin türk sözlərinin köklərinin və semasiologiyasının öyrənilməsi tədqiqatları heç kimin toxunmadığı geniş bir sahədir və elmə zəngin nəticələr vəd edir. Dilin hər bir sözü öz ilkin mənasında ibtidai düşüncənin əks-sədası, qədim adətlərin xatirəsi, unudulmuş bir həyat tərzinin fraqmenti, köhnə bir melodiyanın izi, qədim dünyagörüşünün nişanəsi, təbiət anlayışının izidir” Müəllif Aşmarinin çıxışını şərh edərkən elmi terminologiya ilə bədii təsvir vasitələrini elə bir ustalıqla sintez edir ki, oxucu dilin hər bir qatında (semasiologiyasında) türkün unudulmuş həyat tərzinin və qədim təbiət anlayışının izlərini aydın şəkildə hiss edir. Həmçinin müəllif şəxsiyyətlərin öz dilindən verilən sitatları (stenoqramları) müasir şərhin daxilinə elə ustalıqla yerləşdirir ki, üslub qırılması baş vermir. Müəllif yazır: “Çobanzadə məqsədli şəkildə göstərmişdir ki, dillərin ayrılma səbəbi etnik təməldən çox, coğrafi, siyasi və mədəni proseslərin nəticəsidir”  Bu, sintaktik inteqrasiyadır. Müəllif keçmişin dilini (arxiv sitatını) bugünün elmi mühakiməsinə bağlayır, bununla da şəxsiyyətlərin obrazını arxiv tozundan təmizləyib “canlı müsahib” səviyyəsinə                                                                                                                                                                                    qaldırır. Dövrün gərginliyini və ruhunu oxucuya hiss etdirmək üçün qurultaydakı gedişatı dinamik bir təhkiyə və daxili enerji ilə yazır. Qurultay iştirakçılarının çıxışlarını və o anın tarixi əhəmiyyətini ümumiləşdirən bu sətirlər həmin dinamizmin ən bariz nümunəsidir: “ Hər bir cümlə, hər bir çıxış, hər bir təklif həm elmi, həm də siyasi bir manifest idi.Səslərə qarışan alqışlar, kəskin etirazlar, gərgin anlar yaradırdı.Əslində, bu qurultay bir körpü idi: keşmişin əlifbasından gələcəyin əlifbasına, milli yaddaşdan mədəni modernləşməyə! Qurultayda səslənən nitqlər, tribunada ucalan şüarların hər biri türk dünyasının ruhuna köklənən, gələcəyə ünvanlanan çağırış idi.”

“Kitabın ‘I Türkoloji Qurultay arxiv sənədlərində” adlı ikinci fəslində müəllif tərəfindən ilk dəfə üzə çıxarılan gizli sənədlər və stenoqramlar fonunda  arxiv sənədlərinin siyasi çəkisi və ideoloji mahiyyəti ustalıqla şərh edilir. Müəllif linqvistik faktların təhlili ilə kifayətlənməyərək məsələni daha geniş — geosiyasi müstəvidə araşdırır və belə bir siyasi qənaətə gəlir:  “ Sənəd bir daha təsdiq edir ki, 1926-cı il Bakı Türkoloji Qurultayı elmi forum olmaqla yanaşı, sovet dövlətinin milli siyasətinin mühüm siyasi aləti idi. Onun hər adddımı Moskvaya hesabat şəklində ötürülür, mərkəzi partiya orqanları isə qurultayın nəticələrini öz ideoloji xəttinə uyğunlaşdırırdı.  Azərbycan nümayəndələrinin təşəbbüsləri yalnız Moskvaya təqdim olunmuş və təsdiqlənmiş sənədlər əsasında legitimlik qazanırdı. Bu həm də Sovetlərin milli respublikalarda mədəniyyət və dil siyasətini birbaşa nəzarətdə saxladığını sübut edir.  Bu addım yalnız akademik təşəbbüs deyildi; SSRİ daxilində türk xalqlarının mədəni inkişafını mərkəzləşdirmək və nəzarət altına almaq məqsədini daşıyırdı “.

Təqdim etdiyimiz nümunədə müəllif elmi-analitik və siyasi-publisistik üslubların sintezindən istifadə edərək hadisələrə tənqidi-tarixi (dekonstruktiv) prizmadan yanaşır. Faktların daxili məntiqini və səbəb-nəticə əlaqələrini araşdırır, hadisələrə münasibətdə aydın mövqe nümayiş etdirir. Beləliklə, qurultayın akademik pərdəsi arxasında gizlənən strateji-siyasi mexanizmləri üzə çıxarır və hadisəyə yalnız bir dilçi kimi deyil, tarixin ideoloji mənzərəsini bərpa edən peşəkar siyasi icmalçı kimi yekun qiymət verir.

Professor N. Məmmədlinin üslubuna xas olan akademik dəqiqlik özünü həmcins üzvlərdən ibarət zəngin cümlə quruluşlarında aydın göstərir. Müəllif tədqiq etdiyi hər bir hadisəni yalnız bir tərəfdən deyil, onun bütün qatlarını — ideologiyasını, tətbiq mexanizmini və doğurduğu nəticələri eyni anda əhatə edən sistemli bir təhlil süzgəcindən keçirir. Onun bu genişmiqyaslı baxış bucağı və məlumat sıxlığı yaradan dili əsərin bir çox cümlələrində , o cümlədən ‘I Türkoloji Qurultay : Milli mətbuatda adlı III fəslində özünün ən kamil ifadəsini tapır: “Mətn XX əsrin 1920-ci illərinin sonlarında Türkiyədə həyata keçirilən əlifba islahatının ideoloji əsaslarını, ictimai qəbul mexanizmini və türk dünyası kontekstində doğurduğu təsirləri əks etdirən mühüm publisistik mənbədir “.  Əsərdə ‘ideoloji’ sözü ətrafında formalaşan zəngin söz birləşmələri var. Məsələn: ideoloji parçalanma, ideoloji məqsəd, ideoloji direktivlər. ideoloji nəzarət, İdeoloji toplantı, ideooji əsaslar, ideoloji uyğunluq, ideoloji mahiyyət kimi. Müəllif bu sözü müxtəlif kontekstlərdə işlətməklə onun semantik hüdudlarını genişləndirib, dövrün ictimai-siyasi atmosferini vizuallaşdırıb.

” 1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda ” əsəri o illərin ağır təzyiqləri və sərt qadağaları altında əzilən, lakin əqidəsindən dönməyən ziyalılarımıza ucaldılmış mənəvi bir abidədir. Dəyərli ziyalımız Nadir Məmmədli sözün imkanlarını bilən bir alim həssaslığı ilə hər sənədin arxasındakı insan taleyini, hər sətirdəki gizli ağrını üzə çıxarır. Müəllifin qəlbindəki o sönməz vətəndaşlıq yanğısı və sarsılmaz milli təəssübkeşlik tariximizin qaranlıq səhifələrinə işıq tutur. Bu tədqiqat sadəcə keçmişin hesabatı deyil, bizi öz köklərimizə qovuşduran, ulu babalarımızın ruhu qarşısında təmizlənən bir yaddaş dərsi, gələcəyə ötürülən müqəddəs bir əmanətdir.

Könül Aydın

Humanitar fənlər kafedrasının müəllimi, Əməkdar müəllim, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin doktorantı