MDU-nun Dayanıqlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutu beynəlxalq ekspertin iştirakı ilə maliyyə və portfel diversifikasiyası mövzusunda təlim keçirib

  • Post category:MSU News

2026-cı ilin 16 iyun tarixində Mingəçevir Dövlət Universitetində Dayanıqlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutunun təşkilatçılığı ilə bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də gənc müəllimlər üçün təlim keçirilib.

Hibrid formatda təşkil edilmiş təlimin qonağı Türkiyənin Ankara Hacı Bayram Vəli Universitetinin mühasibatlıq və maliyyə sahəsi üzrə mütəxəssisi, professor Dr. Cihan Tanrıöven olub.

“Davranış qərəzlərinin portfelin diversifikasiyası qərarlarına təsiri” mövzusuna həsr olunan görüşdə müasir maliyyə bazarlarında investor davranışları, qərarvermə prosesinə təsir edən psixoloji amillər və davranışsal maliyyənin investisiya strategiyalarındakı rolu barədə ətraflı müzakirələr aparılıb.

Professor C.Tanrıöven çıxışında investorların seçimlərinə təsir göstərən əsas amillərdən bəhs edib, insan psixologiyasının investisiya portfelinin formalaşdırılmasına və diversifikasiya qərarlarına təsirini real iqtisadi nümunələr əsasında izah edib.

Müasir iqtisadiyyat və maliyyə bazarları baxımından aktual olan mövzu iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təlim interaktiv fikir mübadiləsi və sualların cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, MDU-nun Dayanıqlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutu tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi, tələbə və gənc müəllimlərin nəzəri biliklərinin praktiki müstəvidə inkişaf etdirilməsi istiqamətində bu cür faydalı görüşlərin davamlı olaraq təşkil edilməsi nəzərdə tutulur.