Mingəçevir Dövlət Universitetində rəqəmsal transformasiya, effektiv idarəetmə və institusional dayanıqlılığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Elektron Sənəd Dövriyyəsi Sistemi üzrə praktiki təlimin ikinci mərhələsi keçirilib.
2026-cı ilin 19-20 iyun tarixlərində Azərbaycan Texniki Universitetinin Ümumi şöbəsinin müdiri Ülviyyə Əliyeva və mütəxəssis Günel Sarıyeva tərəfindən keçirilən təlim MDU-nun struktur bölmə rəhbərləri və əməkdaşları üçün təşkil olunub.
Təlimin əsas məqsədi universitetdə Elektron Sənəd Dövriyyəsi Sisteminin tətbiqi ilə bağlı praktiki biliklərin dərinləşdirilməsi, struktur bölmələr üzrə sənədlərlə iş prosesinin elektron mühitdə daha səmərəli təşkili, icra intizamının gücləndirilməsi və rəqəmsal idarəetmə alətlərindən istifadə bacarıqlarının artırılması olub.
Təlim zamanı “AİST Group” şirkətinə məxsus Elektron Sənəd Dövriyyəsi Sisteminin funksional imkanları, sənədlərin elektron mühitdə qeydiyyatı, daxil olan və göndərilən sənədlərlə işin təşkili, sənəd marşrutlarının müəyyənləşdirilməsi, tapşırıqların yönləndirilməsi, icra prosesinin izlənilməsi və nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib.
AzTU əməkdaşları sistem üzərindən sənədlərlə işin praktik qaydalarını iştirakçılara nümayiş etdirərək elektron sənəd axınının optimallaşdırılması, struktur bölmələr arasında operativ koordinasiyanın təmin olunması, icra proseslərində şəffaflığın artırılması və idarəetmədə hesabatlılığın gücləndirilməsi ilə bağlı mühüm məqamları izah ediblər.
Qeyd edilib ki, MDU-da Elektron Sənəd Dövriyyəsi Sisteminə keçid universitetin rəqəmsal transformasiya strategiyasının mühüm istiqamətlərindən biridir. Bu sistem sənədlərlə iş prosesinin çevikliyinin artırılmasına, kağız dövriyyəsinin minimuma endirilməsinə, inzibati idarəetmədə səmərəliliyin yüksəldilməsinə və müasir universitet idarəçiliyi modelinin formalaşdırılmasına töhfə verir.
Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, sistemdən istifadə zamanı yarana biləcək praktiki məsələlər müzakirə olunub və struktur bölmələrin gündəlik fəaliyyətində elektron sənəd dövriyyəsinin daha effektiv tətbiqi ilə bağlı tövsiyələr verilib.
Xatırladaq ki, Elektron Sənəd Dövriyyəsi Sistemi ilə bağlı MDU əməkdaşları üçün daha əvvəl onlayn formatda maarifləndirici təlim təşkil olunub, həmçinin universitetin müvafiq struktur bölmələrinin əməkdaşları Azərbaycan Texniki Universitetində praktiki təlimlərdə iştirak ediblər. MDU-da keçirilən bu təlim isə prosesin davamı olaraq sistemin universitetdaxili tətbiqinin daha da təkmilləşdirilməsinə və əməkdaşların praktiki bacarıqlarının artırılmasına xidmət edib.
Mingəçevir Dövlət Universiteti rəqəmsal idarəetmə, institusional inkişaf, keyfiyyətli idarəçilik və dayanıqlı universitet modeli istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.