“Cyber Summer School 2026”nın təlim proqramına start verilib

  • Post category:MSU News

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən təşkil olunan V “Cyber Summer School 2026” kiber yay düşərgəsində təlim proqramının ilk günü uğurla baş tutub. Mingəçevir şəhərində keçirilən düşərgənin ilk tədris günündə iştirakçılar proqram üzrə formalaşdırılmış “Blue Team” (Azərbaycan dilində tədris) və “Red Team” (ingilis dilində tədris) qruplarında kibertəhlükəsizlik sahəsinin əsas istiqamətlərini əhatə edən nəzəri və praktiki təlimlərdə iştirak ediblər.
Təlimlər çərçivəsində hər iki qrup üçün “Veb texnologiyaları/Web Technologies”, “Şəbəkə əsasları/Network Fundamentals”, “İnternet texnologiyaları və arxitektura/Internet Technologies and Architecture”, “Kibertəhdid kəşfiyyatı və açıq mənbə kəşfiyyatı (OSINT)/Cyber Threat Intelligence and OSINT” mövzuları üzrə dərslər keçirilib.
Təlimlər TEXIO Academy-nin təsisçisi, AKTA-nın təşəbbüsü ilə yaradılmış Kiber Diasporanın nümayəndəsi Elgün Bəxtiyaroğlu və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşları tərəfindən aparılıb. Təlimlər zamanı iştirakçılar şəbəkə və veb texnologiyalarının əsasları, internet arxitekturası, kibertəhdidlərin təhlili və açıq mənbələrdən kəşfiyyat məlumatlarının toplanması metodları üzrə həm nəzəri biliklər əldə edib, həm də praktiki tapşırıqlar üzərində çalışıblar.Təlimlərin sonunda iştirakçıların təlim müddətində əldə etdikləri biliklərin möhkəmləndirilməsi məqsədilə interaktiv viktorina oyunu təşkil olunub.
Qeyd edək ki, 6-11 iyul tarixlərində keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsinin əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının inkişafına töhfə vermək, gənclərin nəzəri bilik və praktiki bacarıqlarını gücləndirməkdir.
Düşərgə çərçivəsində növbəti günlərdə də kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki təlimlər, komanda tapşırıqları və digər inkişafyönümlü fəaliyyətlər davam etdiriləcək.