Mingəçevir Dövlət Universitetinin Məzun Günündə 450-dən çox tərəfdaşla qurulan əməkdaşlığın məzunların karyera imkanlarına töhfəsi vurğulanıb

Qeyd etdiyimiz kimi Mingəçevir Dövlət Universitetində (MDU) 2025/2026-ci tədris ilinin məzunlarına həsr olunmuş Məzun Günü tədbiri yüksək təşkilatçılıq və bayram əhval-ruhiyyəsi şəraitində keçirilib. Universitetin tələbəyönümlü yanaşmasının, iş dünyası ilə əməkdaşlıq əlaqələrinin və məzunlarla bağlı ənənələrinin təcəssümü olan tədbir yüzlərlə məzunu bir araya gətirib.

MDU-nun rektoru Anar Eminov məzunları həyatlarının yeni mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edib, onların universitetdə qazandıqları bilik və bacarıqların gələcək peşə fəaliyyətlərində mühüm rol oynayacağını vurğulayıb. Bildirilib ki, MDU-da həyata keçirilən təhsil, innovasiya və əmək bazarı yönümlü təşəbbüslər tələbələrin müasir əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi formalaşmasına xidmət edir. Həmçinin rektor qeyd edim ki, Bu tədris ilində Mingəçevir Dövlət Universitetinin İş dünyası və beynəlxalq əlaqələrin ənyüksək dərəcədə inkişaf etdirilməsi üçün müvafiq şöbələr mühüm strateji addımlar atmış və hədəflərə nazil olmağa çalışmışlar. Bu gün məzunlarımızın işlə təmin olunması həmçinin partnyorluğun inkişaf etdirilməsi üçün universitet sənaye əməkdaşlığı uğurla davam etdirilir. Həmçinin rector bildirmişdir ki, universitet sənaye əməkdaşlığı ilə bağlanmış olan müqavilələri 450 dən artıq şirkətlə strateji əlaqələr yaradılması həm tədrisin inkişafına eləcə də tədris planlarının sənaye yönümlü olması ilə nəticələnəcəkdir.

Tədbir çərçivəsində təhsil, elm, idman, ictimai fəaliyyət və könüllülük istiqamətlərində fərqlənən məzunlar mükafatlandırılıb, onların universitet həyatındakı uğurları xüsusi qeyd olunub. Məzun Günü proqramı müxtəlif musiqi nömrələri, bədii kompozisiyalar və əyləncəli çıxışlarla davam edib. Tədbir iştirakçıları tələbəlik illərinin ən yaddaqalan anlarını bir daha xatırlamaq, müəllimləri və dostları ilə görüşmək imkanı əldə ediblər.

Qeyd edək ki, MDU-nun sənaye və biznes sektoru ilə qurduğu əməkdaşlıq əlaqələrinin növbəti uğurlu nümunəsi olaraq tədbir universitetin tərəfdaşları olan Bakcell və Slavyanka şirkətlərinin sponsorluq dəstəyi ilə təşkil edilib. Tərəfdaş şirkətlərin dəstəyi tələbələrin və məzunların sosial rifahına, universitet həyatının zənginləşdirilməsinə və universitet–sənaye əməkdaşlığının inkişafına verilən töhfənin göstəricisi kimi qiymətləndirilib.  Tədbirdə iştirak edən qonaqlar MDU-da iş dünyası ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbələrin peşəkar inkişafının dəstəklənməsi və məzunların əmək bazarına uğurlu inteqrasiyasının təmin olunması istiqamətində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirərək, bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin əhəmiyyətini vurğulamışlar.

Mingəçevir Dövlət Universiteti bütün məzunlarını bu əlamətdar gün münasibətilə bir daha təbrik edir, onlara gələcək təhsil və karyera fəaliyyətlərində uğurlar arzulayır.