Azərbaycanın urbanizasiya tarixinin müasir mərhələsi olduqca mürəkkəb və çoxşaxəli bir prosesdir. Bu prosesdə təsərrüfatın məkan təşkilinin, sənaye inkişafının və yeni şəhər mərkəzlərinin formalaşmasının əsas amillərindən biri kimi hidroenergetika infrastrukturunun inkişafı xüsusi yer tutur. Bu baxımdan Mingəçevir şəhərinin tarixi təcrübəsi xüsusi maraq doğurur. Çünki Mingəçevir irimiqyaslı hidrotexniki layihənin (Mingəçevir SES) yalnız təbii landşaftı (Kür çayının məcrasının dəyişdirilməsi) dəyişdirməklə kifayətlənməyərək, əhalinin məskunlaşmasının yeni modelini formalaşdırmağa, bütöv bir regionun iqtisadi modernləşməsinin istiqamətlərini müəyyən etməyə və dövlətin sosial-mədəni inkişafına əhəmiyyətli təsir göstərməyə qadir olduğunu nümayiş etdirən nadir nümunələrdən biridir.
Mingəçevir Azərbaycanın ən mühüm sənaye və enerji mərkəzlərindən biri hesab olunur. Onun müasir şəhər kimi formalaşması isə bilavasitə Cənubi Qafqazın ən böyük hidroenergetika kompleksinin – Mingəçevir Su Elektrik Stansiyasının (SES) tikintisi və Kür çayı üzərində Mingəçevir Su Anbarının yaradılması ilə bağlıdır. Lakin şəhərin tarixi urbanizasiyanın mövcud yaşayış məntəqəsinin təbii iqtisadi inkişafının nəticəsi deyil, enerji, kənd təsərrüfatı, nəqliyyat və sosial-iqtisadi problemlərin həllinə yönəlmiş genişmiqyaslı dövlət infrastruktur proqramının həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirmək lazımıdrır.
Qeyd etmək lazımdır ki, müasir Mingəçevir ərazisi zəngin tarixi keçmişə malikdir. Arxeoloji tədqiqatlar burada antik dövrdən başlayaraq müxtəlif tarixi mərhələlərə aid yaşayış məskənlərinin mövcud olduğunu sübut edir.
Tədqiqatçılar Mingəçevirə 4 min il yaş verirlər. Onların fikrincə Mingəçevirin tarixi eneolit dövründən (b.e-ın III minilliyinə qədər) və ondan sonra eramızın XVII əsrinə qədər bir dövrü əhatə edir.
Azərbaycanın tanınmış tarixçi-alimi, qabaqcıl jurnalist-publisisti Əlisəfa Məmmədov da bir sıra elmi mənbələrə istinad edərək Mingəçevirin qədim tarixi barədə mülahizələr irəli sürmüşdür. Bir sira mənbələrdə Mingəçevirin 4 min il yaşı olduğu qeyd edilir. Əlisəfa Məmmədov tarixçilərin fikrinə əsaslanaraq bu rəqəmi bir qədər də artırır, Mingəçevir şəhərinin 4.500 ildən çox yaxşı olduğunu söyləyir. Saleh Qazıyev va Rəhim Vahidov subut edirlər ki, üzərində alban əlifbası olan (özlərinin tapdıqları) ilk yazılı abidələr məhz Mingəçevirdən tapılmışdır. Hazırda bu kitabə Azərbayçan tarixi muzeyində saxlanılır.
Mingəçevirdə geoloji axtarış işlərinə birinci başlayan, onun ilk geoloqlarından biri, layihə müəlifi, Azərbaycan respublikasında təcrübəli geoloji-kəşfiyyat mütəxəssisi kimi tanınan Boris Aleksandroviç Kantor öz xatirələrində yazırdı:
“İlk dəfə Mingəçevir sözünü bizə mühazirə oxuyan məşhur professorların birindən eşitmişdim.1924-25-ci illər idi. Professor ölkədə Vladimir İliç Leninin QOELRO planının necə həyata keçirilməsi barədə danışırdı. Söhbət arasında o, Zaqafqaziyada elektrik enerjisinə olan çiddi ehtiyacdan danışdı. Bir-iki xırda su elektrik stansiyasının adını çəkdi. Sonra bildirdi ki, bu yaxınlarda Kür çayının üstündə, Mingəçevir deyilən yerdə nəhəng su-elektrik stansiyasının tikintisinə başlanacaqdır”.
Bununla belə, şəhərin müasir tarixi məhz Kür çayı üzərində hidroqovşağın tikintisi layihəsinin həyata keçirilməsi ilə başlanır. Böyük hidrotexniki kompleksin yaradılması ideyası hələ XX yüzilliyin birinci yarısında ortaya çıxmışdı. Bu, Azərbaycanın ən böyük çayı olan Kür çayının su ehtiyatlarının kompleks tənzimlənməsi, dağıdıcı daşqınların qarşısının alınması və iqtisadiyyatın artan elektrik enerjisi tələbatının təmin olunması zərurətindən irəli gəlirdi. Lakin layihə-tədqiqat işlərinə 1930-cu illərdə başlanılsa da, II Dünya müharibəsinin başlanması layihənin həyata keçirilməsini dayandırdı. Yalnız müharibə başa çatdıqdan sonra dövlət strateji əhəmiyyət kəsb edən hidroqovşağın tikintisi məsələsinə yenidən qayıtdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan K(b)P MK-nın 29 aprel 1941-ci il tarix-li 1876 nömrəli qərarına əsasən «Mingəçevirtikinti»nin Mingəçevir hidroqovşağı üzrə axtarış, layihə və tikinti idarəsi yaradıldı. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar tikinti işləri təxirə salındı. 1945-ci ilin iyul ayında isə SSRİ Xalq Komissarları Soveti Mingəçevir hidroqovşağının tikintisinin bərpası haqqında qərar qəbul etdi. Bundan sonra əmək ehtiyatlarının, mühəndis-texniki mütəxəssislərin və tikinti təşkilatlarının geniş şəkildə cəlb olunması prosesi başladı. Məhz bu dövr müasir Mingəçevirin sənaye şəhəri kimi formalaşmasının başlanğıc mərhələsi hesab edilə bilər.
Mingəçevir Su elektrik stansiyasının tikintisi ilə əlaqədar əhalinin sayının sürətlə artması tamhüquqlu şəhər yaşayış məntəqəsinin yaradılmasını da zəruri edirdi. Bu baxımdan ən mühüm tarixi hadisə 1948-ci il noyabrın 11-də yaşayış məntəqəsinə rəsmi səviyyədə şəhər statusunun verilməsi və onun “Mingəçevir” adlandırılması oldu. Bu hadisə şəhərin tarixində xüsusi yer tutur. Çünki məhz bu tarixdən etibarən spesifik yaşayış məhəllələrini, nəqliyyat şəbəkəsini, təhsil müəssisələrini, səhiyyə obyektlərini və mədəniyyət infrastrukturunu əhatə edən şəhər mühitinin formalaşdırılması prosesi başlanmışdı.
Mingəçevir Su Elektrik Stansiyasının tikintisi müharibədən sonrakı dövrdə Cənubi Qafqaz ərazisində həyata keçirilən ən böyük mühəndis layihələrindən biri olmuşdur. Qeyd edək ki, hidroqovşağın inşası genişmiqyaslı torpaq işləri, bəndin, enerji qurğularının tikintisi, həmçinin regionun ən böyük süni su hövzəsinin yaradılması ilə müşayiət olunmuşdur. 300 min kilovat gücündə Mingəçevir hidroqovşağının və hidroelektrik stansiyasının tikintisinin tam şəkildə 1952-ci ildə, 150 min kilovat gücündə birinçi növbəsinin başa çatdırılması isə 1950-ci ildə nəzərdə tutulurdu, Lakin obyekriv səbəblərdən stansiya tam güçü ilə 1954-cü ildə işə salınmışdır. Böyük tikinti quruculuq işlərinin ilk mərhələsinin başa çatması ilə əlaqədar 1954-cü il 4 fevral tarixində Mingəçevir şəhəri daha yüksək inzibati status almış vərespublika tabeli şəhərkateqoriyasına keçirilmişdir. Həmin il Mingəçevir SES strateji obyekt kimi tam şəkildə sənaye istismarına başladı və Cənubi Qafqazın ən böyük hidroelektrik qurğusuna çevrilərək Azərbaycanın enerji sisteminin uzunmüddətli inkişafının əsasını qoydu. Bununla əlaqədar Mingəçevir Su Anbarının yaradılması da eyni dərəcədə mühüm hadisə oldu. Su anbarının doldurulması prosesi 1953–1959-cu illəri əhatə etmişdir. Su səthinin sahəsi təxminən 605 km2 çatmış, ümumi su həcmi isə 16 milyard kubmetrdən çox olmuşdur. Beləliklə, Mingəçevir Su Anbarı Azərbaycanın ən böyük süni su hövzəsinə və bütövlükdə Cənubi Qafqazın ən iri hidrotexniki obyektlərindən birinə çevrilmişdir. Mingəçevir Su Anbarının əhəmiyyəti yalnız enerji istehsalı ilə məhdudlaşmır. Bu obyektin yaradılması Kür çayının axınının uzunmüddətli tənzimlənməsinə, çayın aşağı axarında daşqın risklərinin əhəmiyyətli dərəcədə azaldılmasına, yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılmasına və suvarılan əkinçiliyin geniş inkişafı üçün əsasın yaradılmasına imkan vermişdir. Məhz Mingəçevir Su Anbarının hesabına Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının inkişafı təmin edilmiş, ölkənin geniş kənd təsərrüfatı əraziləri su ilə təmin olunmuşdur.
Urbanizasiya nəzəriyyəsi baxımından Mingəçevir iri dövlət layihəsinin həyata keçirilməsi nəticəsində yaranmış infrastruktur yönümlü şəhərin klassik nümunəsidir. Burada şəhər mühitinin formalaşması hidrotexniki kompleksin yaradılması ilə paralel şəkildə baş vermişdir ki, bu da enerji infrastrukturu ilə şəhərsalma siyasəti arasında sıx əlaqənin yaranmasına səbəb olmuşdur. Yeni yaşayış massivlərinin, mühəndis-kommunikasiya şəbəkələrinin, müxtəlif sosial obyektlərin və nəqliyyat infrastrukturlarının yaranması birbaşa hidroqovşağın tikintisi və sonrakı istismarının tələbləri ilə bağlı idi.
Mingəçevir şəhərinin hidroenergetika infrastrukturunun sosial əhəmiyyəti minlərlə yeni iş yerinin yaradılmasında, yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsində, mühəndis-texniki ziyalı təbəqəsinin və peşəkar fəhlə kadrlarının formalaşdırılmasında özünü göstərmişdir. Şəhər enerji sektoru və respublikanın sənaye kompleksi üçün savadlı mütəxəssis hazırlayan mühüm təhsil mərkəzinə çevrilmişdir. XX əsrin ikinci yarısında bir neçə onillik ərzində Mingəçevir Azərbaycanın ən yüksək urbanizasiya səviyyəsinə malik olan şəhərlərindən biri olmuş, əhalinin sosial infrastrukturla təminatı baxımından seçilmişdir. Bu gün Mingəçevirdə hidrotexniki kompleksin iqtisadi rolu daha geniş miqyas daşıyır. Elektrik enerjisinin istehsalı Azərbaycanın sənaye inkişafını sürətləndirmiş, ağır sənaye müəssisələrinin, kimya sənayesinin, tekstil sektorunun və aqrar-sənaye kompleksinin fəaliyyət göstərməsi üçün əlverişli şərait yaratmışdır. Elektrik enerjisinin əlçatanlığı milli iqtisadiyyatın modernləşdirilməsinin və onun rəqabət qabiliyyətinin artırılmasının ən mühüm amillərindən birinə çevrilmişdir.
Mingəçevir hidroqovşağının mədəni əhəmiyyəti də xüsusi diqqətə layiqdir. Yeni şəhərin formalaşması teatrların, mədəniyyət evlərinin, kitabxanaların, muzeylərin və təhsil müəssisələrinin yaradılması ilə müşayiət olunmuşdur. Nəticədə mühəndis irsi ilə müasir mədəni təcrübələrin üzvi şəkildə vəhdət təşkil etdiyi unikal şəhər sosial-mədəni mühiti meydana gəlmişdir. Mingəçevir təkcə ölkənin enerji paytaxtı deyil, həm də Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri kimi özünü təsdiq etmişdir.
Mingəçevirin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti xüsusi yer tutur. Onun respublikaya rəhbərlik etdiyi dövrdə enerji kompleksinin, sənayenin və şəhər infrastrukturunun inkişafına xüsusi diqqət yetirilmişdir. Azərbaycanın sənaye potensialının modernləşdirilməsinə yönəlmiş ardıcıl siyasət Mingəçevirin ölkənin ən böyük enerji mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə şərait yaratmışdır. Heydər Əliyevin rəhbərliyi altında şəhər infrastrukturunun təkmilləşdirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, istehsal potensialının gücləndirilməsi istiqamətində çoxsaylı sosial-iqtisadi proqramlar həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir mərhələdə Mingəçevir şəhərinin davamlı inkişafına mühüm töhfələr verməkdədir. Son illərdə şəhərdə enerji infrastrukturunun modernləşdirilməsi, nəqliyyat-logistika sisteminin yenidən qurulması, ictimai məkanların abadlaşdırılması, təhsil və səhiyyə müəssisələrinin yaradılması və yenilənməsi istiqamətində irişmiqyaslı layihələr həyata keçirilmişdir. Ölkə başçısının xüsusi diqqəti isə mövcud enerji kompleksinin müasirləşdirilməsinə, Mingəçevir Su anbarının texniki və ekoloji təhlükəsizliyinin təmin edilməsinə və müasir şəhər mühitinin dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə inkişaf etdirilməsinə yönəldilmişdir.
Bu gün Mingəçevir dinamik inkişaf edən şəhərdir. O, Azərbaycanın enerji sistemində strateji əhəmiyyətini qorumaqla yanaşı, innovasiya, təhsil, turizm və mədəniyyət sahələrində də mühüm inkişaf mərkəzinə çevrilməkdədir. Burada enerji infrastrukturu obyektləri, təhsil müəssisələri, idman kompleksləri, müasir yaşayış məhəllələri və ictimai məkanlar uğurla fəaliyyət göstərir.
ALMAZ ƏLİYEVA
MDU–nun Mühəndislik fakültəsinin dekanı
Texnika üzrə fəlsəfə doktoru, dosent