MDU əməkdaşları ingilis dilinin tədrisinə həsr olunmuş beynəlxalq konfransda iştirak ediblər

  • Post category:MSU News

Mingəçevir Dövlət Universitetinin (MDU) Xarici Dillər kafedrasının əməkdaşları Xəyalə Abdullayeva, Şahnaz Məhişzadə və Xədicə Əliyeva Qərbi Kaspi Universitetində təşkil olunmuş “English Language Teachers Conference: Strategies to Enliven Textbooks and Classrooms” adlı beynəlxalq elmi-metodik konfransda iştirak ediblər.

31 yanvar 2026-cı il tarixində keçirilən konfrans ingilis dilinin tədrisində müasir pedaqoji yanaşmaların, innovativ təlim metodlarının və tələbəyönümlü öyrənmə mühitinin formalaşdırılması istiqamətində qabaqcıl təcrübələrin paylaşılması üçün mühüm platforma olub.

Konfrans çərçivəsində dərsliklərin dinləmə, oxu və tənqidi düşünmə bacarıqlarının inkişafına uyğunlaşdırılması, autentik materiallardan istifadə, texnologiyaya əsaslanan və texnologiyasız tədris strategiyalarının tətbiqi, oyun əsaslı öyrənmə, çevrilmiş sinif (flipped classroom), peer learning və interaktiv dərs mühitinin yaradılması kimi aktual mövzular üzrə təqdimatlar dinlənilib və müzakirələr aparılıb.

Xüsusilə Jordan Brown, Kubra Salmanova, Sarah Howe, Vüsalə Həsənova, John Jordan, Heidi DeMello, Michael Vessio, Jennifer Tuman, Elvira Shakhverdieva və Ashanti Lee tərəfindən təqdim olunan məruzələr müəllimlərin metodiki biliklərinin zənginləşdirilməsi, dərslərin daha effektiv təşkili və tələbələrin təlim prosesində fəallığının artırılması baxımından böyük maraq doğurub.

Konfransda əldə olunan bilik və təcrübənin MDU-da ingilis dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, innovativ və interaktiv təlim metodlarının tətbiqinin genişləndirilməsinə, eləcə də müəllimlərin peşəkar inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

MDU əməkdaşlarının beynəlxalq elmi-metodik tədbirlərdə fəal iştirakı universitetdə tədrisin keyfiyyətinin artırılmasına, müasir pedaqoji yanaşmaların tətbiqinə və müəllimlərin davamlı peşəkar inkişafına xidmət edir.