Mingəçevir Dövlət Universiteti və “Araz” MTK dayanıqlı tikinti, rəqəmsal innovasiya və karyera imkanları üzrə əməkdaşlıq edəcək

2026-cı ilin 13 iyul tarixində Mingəçevir Dövlət Universitetində “Araz” Mənzil-Tikinti Kooperativi ilə əməkdaşlığın inkişafına həsr olunmuş görüş keçirilib.

Görüşdə MDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova universitet–biznes əməkdaşlığının tələbələrin praktik bacarıqlarının inkişafında və əmək bazarına uyğun mütəxəssis hazırlığında əhəmiyyətindən danışıb.

“Araz” MTK-nın direktoru Məhəbbət İbrahimova tələbələr üçün istehsalat təcrübələrinin, sahə ziyarətlərinin, təlimlərin və peşəkar inkişaf proqramlarının təşkilinə dəstək göstərməyə hazır olduqlarını bildirib.

Görüş çərçivəsində tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd tikinti, mühəndislik, şəhərsalma, enerji səmərəliliyi, yaşıl tikinti, rəqəmsal texnologiyalar, təcrübə və məşğulluq sahələrində birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

Sonda əməkdaşlığın konkret layihələr və birgə fəaliyyət planı əsasında davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.