2025-ci ilin 16 oktyabr tarixində MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) İqtisadiyyat və idarəetmə fakültəsində olub. Nümayəndə heyətini fakültənin dekanı, professor Dr. Fırat Purtaş qarşılayıb.
Görüş zamanı turizm, iqtisadiyyat və idarəetmə sahələrində ikili diplom proqramlarının icrası məsələləri müzakirə olunub. Proqramların iki qardaş ölkənin ali təhsil sistemləri arasında elmi və akademik əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və tələbə mobilliyinin təşviqinə xidmət edəcəyi vurğulanıb.
Tərəflər tədris planlarının və fənn sillabuslarının uyğunlaşdırılması, işçi qrupunun yaradılması, proqramın həyata keçirilmə mexanizmi və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ikili diplom proqramlarının icrası tələbə və magistrantlara həm MDU-nun, həm də Ankara Hacı Bayram Veli Universitetinin diplomunu qazanmaqla hər iki ölkənin təhsil mühitində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradacaq.