2026-cı ilin 6 mart tarixində Mingəçevir Dövlət Universiteti ilə “Bakı İnşaat Sənaye” ASC arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəd universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də tikinti və sənaye sahəsində kadr hazırlığının inkişafına dəstək məqsədi daşıyır.
Memorandumun imzalanması münasibətilə MDU-nun rektor müşaviri Ceyhun Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı İnşaat Sənaye” ASC-də olub. Görüş zamanı tərəflər ali təhsil müəssisəsi ilə istehsalat müəssisəsi arasında əməkdaşlıq imkanlarını geniş şəkildə müzakirə ediblər.
MDU-nun rektor müşaviri Ceyhun Mahmudov çıxışında universitetin əmək bazarının tələblərinə uyğun kadr hazırlığını prioritet istiqamətlərdən biri kimi müəyyən etdiyini vurğulayıb. O bildirib ki, real istehsalat mühiti ilə universitet arasında qurulan əməkdaşlıq tələbələrin praktiki bacarıqlarının inkişafına, onların gələcək karyera imkanlarının genişlənməsinə və sənaye müəssisələrinin ehtiyac duyduğu ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək. Ceyhun Mahmudov MDU-da həyata keçirilən təhsil və tədqiqat təşəbbüslərinin sənaye sektoru ilə inteqrasiyasının universitetin inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olduğunu qeyd edib.
“Bakı İnşaat Sənaye” ASC-nin sədri Ramiz Əhmədov isə görüş zamanı şirkətdə təcrübə keçəcək tələbələr üçün müxtəlif dəstək mexanizmlərinin tətbiq edilə biləcəyini bildirib. Ramiz Əhmədov həmçinin şirkətin müxtəlif sahələr üzrə ixtisaslı kadrlara ehtiyac duyduğunu qeyd edib. Bu baxımdan, MDU ilə qurulan əməkdaşlığın regiondan ixtisaslı kadrların hazırlanması və şirkətin fəaliyyətinin genişləndirilməsi baxımından əhəmiyyətli olacağı vurğulanıb.
Memoranduma əsasən, tərəflər tələbələrin istehsalat və ixtisas təcrübələrinin təşkili, tikinti və sənaye sahələri üzrə birgə seminar və təlimlərin keçirilməsi, şirkət mütəxəssislərinin universitetdə qonaq mühazirələrdə iştirakı, tələbələrin real istehsalat mühiti ilə tanışlığı üçün müəssisəyə səfərlərin təşkili, eləcə də elm, innovasiya və tətbiqi tədqiqat sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətlərində əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, imzalanmış memorandum tərəflər arasında təhsil və istehsalat sahələrinin inteqrasiyasını gücləndirməyə, tələbələrin praktik biliklərinin artırılmasına və sənaye sektorunun tələblərinə uyğun kadr hazırlığının inkişafına xidmət edən mühüm əməkdaşlıq platforması yaradır.