Mingəçevir Dövlət Universitetində “Bərpa olunan enerji mənbələri” mövzusunda elmi-praktik seminar keçirilib

Mingəçevir Dövlət Universitetində Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Bərpa olunan enerji mənbələri” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarın məqsədi tələbələr arasında bərpa olunan enerji mənbələri haqqında biliklərin artırılması, ekoloji cəhətdən təmiz enerji mənbələrinin əhəmiyyəti və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində maarifləndirmənin gücləndirilməsi olub.

Seminarı giriş sözü ilə açan kafedranın baş müəllimi Rəna Ağayeva mövzunun aktuallığından bəhs edərək, dünyada enerjiyə olan tələbatın getdikcə artdığını qeyd edib. Bildirilib ki, son illərdə iqlim dəyişiklikləri və ekoloji problemlərin təsiri ilə bir çox ölkələr enerji sistemlərini daha dayanıqlı və təmiz etmək məqsədilə yaşıl enerjiyə keçidi sürətləndirirlər.

Seminar çərçivəsində Fizika müəllimliyi ixtisasının II kurs tələbəsi Nəzrin Hacızadə “Su resurslarının enerji imkanları” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi su enerjisinin davamlılığı, ekoloji təmizliyi və çoxfunksiyalı imkanları haqqında məlumat verərək, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin gələcəkdə Azərbaycanın mühüm su enerji mərkəzlərindən birinə çevriləcəyini vurğulayıb.

Daha sonra həmin ixtisasın I kurs tələbəsi Ayşə Xanbabayeva “Külək – bərpa olunan enerji mənbəyi kimi” mövzusunda təqdimatla çıxış edib. O qeyd edib ki, neft və qazdan fərqli olaraq külək enerjisi tükənməz və pulsuz enerji resursudur. Məruzə zamanı dünya külək enerjisi bazarının böyük hissəsinin Çin, ABŞ, Almaniya, Hindistan və Braziliya kimi ölkələrin payına düşdüyü diqqətə çatdırılıb.

Seminarda həmçinin II kurs tələbəsi Ləman Əliyeva “Səmanın tükənməz xəzinəsi – Günəş enerjisi” mövzusunda məruzə ilə çıxış edərək günəş panellərinin səssiz, təmiz və geniş tətbiq imkanlarına malik enerji mənbəyi olduğunu bildirib. Məruzəçi alimlərin hazırda yeni texnologiyalar, o cümlədən şəffaf günəş panelləri üzərində apardıqları tədqiqatlar haqqında da məlumat verib.

Seminarın son məruzəsi Fizika müəllimliyi ixtisasının II kurs tələbəsi Şəkər Mayılzadə tərəfindən “Qeyri-ənənəvi enerji mənbələri” mövzusunda təqdim olunub. Məruzəçi gələcəyin enerji texnologiyaları və alternativ enerji mənbələrinin inkişaf perspektivləri barədə iştirakçılara ətraflı məlumat verib.

Təqdim olunan məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Seminarın sonunda Fizika və ekologiya kafedrasının dosenti Təranə Yusibova çıxış edərək belə tədbirlərin tələbələrin elmi dünyagörüşünün formalaşmasına və yeni biliklər əldə etmələrinə mühüm töhfə verdiyini bildirib, tələbələrə gələcəkdə də bu cür elmi müzakirələrdə fəal iştirak etməyi tövsiyə edib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində keçirilən bu cür elmi və maarifləndirici tədbirlər tələbələrin enerji, ekologiya və davamlı inkişaf sahələrində biliklərinin artırılmasına və müasir çağırışlara uyğun düşüncə tərzinin formalaşdırılmasına xidmət edir.